Naxçıvan, Gəncə və Sumqayıtda Azərbaycan Ordusunun 108 illiyi münasibətilə hərbi yürüşlər keçirilir – FOTO
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində də hərbçilərin yürüşü keçirilib.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tərəfindən keçirilən yürüş Naxçıvan şəhərinin Dilqəm Pişəvəri küçəsindən Heydər Əliyev prospektində yerləşən Zəfər Parkınadək davam edib.
Gəncə şəhərində yürüşlər Bayraq meydanından başlayaraq mərkəzi prospektlərdə hərbi orkestrlərin müşayiəti ilə reallaşıb.
Sumqayıt bulvarında da hərbi qulluqçuların təntənəli yürüşü və hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib. Müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında addımlayarkən, hərbi orkestrlərin ifa etdiyi vətənpərvərlik ruhlu musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraq və gurultulu alqışlarla qarşılanıb.
Xatırladaq ki, yürüşlər və hərbi orkestr proqramları Sumqayıtla yanaşı, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da təşkil olunub.
