15 sentyabr Azərbaycan tarixinin şanlı səhifələrindən biri – Bakının işğaldan azad edildiyi gündür.
1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dəvəti ilə Azərbaycana gəlmiş Qafqaz İslam Ordusu, Azərbaycan milli qüvvələri ilə birlikdə Bakının azad edilməsi uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırdı.
Bakı şəhərinin azad edilməsi Azərbaycan dövlətçiliyinin və milli iradənin tarixində mühüm hadisə oldu. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyat nəticəsində Bakı düşmən qüvvələrindən azad edildi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi.
Bu tarixi qələbə Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsinin mühüm mərhələlərindən biri kimi yadda qalıb. 15 sentyabr həmçinin Azərbaycan-Türkiyə qardaşlığının və tarixi həmrəyliyinin rəmzlərindən biri hesab olunur.
15 Sentyabr – Bakının Azad Edilməsi Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.