20 Sentyabr Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir.
Bu tarix ölkəmizin dövlət suverenliyinin tam bərpa olunması ilə bağlı olaraq hər il xüsusi qeyd edilir.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyi təmin edildi. Bununla da ölkənin konstitusiya quruluşunun bərpası istiqamətində mühüm mərhələ başa çatdı.
20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə rəsmiləşdirildi.
Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün və müstəqil dövlətçilik iradəsinin təcəssümü kimi xüsusi məna daşıyır. Həmçinin 20 Sentyabr Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək, qazilərimizin göstərdiyi qəhrəmanlığı unutmamaq baxımından da mühüm gündür.
Bu tarix xalqımızın birlik və həmrəyliyini, dövlətçilik dəyərlərinə bağlılığını və müstəqil Azərbaycanın gələcəyinə olan inamını ifadə edir.
20 Sentyabr – Azərbaycanın dövlətçilik tarixində əbədi yaşayacaq qürurverici tarixlərdən biridir.
🇦🇿 Müstəqil Azərbaycanımız daim var olsun!