20 Noyabr – Ağdam Şəhəri Günü: Qarabağın dilbər guşəsi yenidən doğma Azərbaycana qovuşdu
Bu gün Azərbaycanda 20 Noyabr – Ağdam Şəhəri Günü qeyd olunur.
Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik şəhərlərindən biri olan Ağdam 2020-ci il noyabrın 20-də 27 ildən artıq davam edən işğaldan azad edilərək Azərbaycana qaytarılıb.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər ərzində ağır dağıntılara məruz qalıb. Şəhərin tarixi və mədəni abidələri, yaşayış evləri və infrastrukturu ciddi zərər görüb.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib. Bununla da Ağdam sakinlərinin doğma torpaqlarına qayıdışına gedən yolun mühüm mərhələsi başlanıb.
Ağdamın azad olunması münasibətilə Prezident İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edərək ağdamlıları və bütün Azərbaycan xalqını tarixi hadisə münasibətilə təbrik edib.
2023-cü il iyulun 31-də imzalanmış Prezident Sərəncamına əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Tarixi-mədəni irsin qorunması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində mühüm addımlar atılır.
Ağdam bu gün yalnız azad edilmiş torpaq deyil, həm də Azərbaycanın yenidənqurma əzminin, milli iradəsinin və Böyük Qayıdışın rəmzidir.
Ağdam yenidən qurulur, həyat doğma yurda qayıdır!
20 Noyabr – Ağdam Şəhəri Günümüz mübarək! 🇦🇿