17 Noyabr – Milli Dirçəliş Günü: Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinin tarixi
Bu gün Azərbaycanda 17 Noyabr – Milli Dirçəliş Günü qeyd olunur.
Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində mühüm yer tutan bu gün 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan ümumxalq mitinqləri ilə bağlıdır.
Həmin dövrdə Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı nümayiş etdirdiyi ədalətsiz siyasət, Qarabağ ətrafında baş verən hadisələr və Ermənistanın ərazi iddiaları xalqın ciddi narazılığına səbəb olmuşdu. Minlərlə insan Bakının əsas meydanına toplaşaraq milli hüquqların müdafiəsi, ədalət və azadlıq tələbləri ilə çıxış edirdi.
17 noyabr 1988-ci ildə başlayan xalq hərəkatı Azərbaycan cəmiyyətində milli oyanışın güclənməsinə və müstəqillik ideyasının daha geniş yayılmasına mühüm təkan verdi. Dekabrın əvvəlində sovet qoşunları tərəfindən dağıdılan mitinqlər xalqın azadlıq iradəsini sarsıda bilmədi.
Milli Dirçəliş tarixində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilən qərarlar da xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyada muxtar respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul edilməsi ilə bağlı tarixi qərar verildi.
27 oktyabr 1992-ci ildə qəbul edilən qanunla 17 Noyabr Milli Dirçəliş Günü elan olundu.
Bu əlamətdar tarix Azərbaycan xalqının milli birliyini, azadlıq əzmini və müstəqil dövlət qurmaq iradəsini təcəssüm etdirir.
Milli Dirçəliş Günü xalqımızın müstəqilliyə gedən yolunu, milli həmrəyliyini və azadlıq uğrunda mübarizəsini xatırladan mühüm tarixi gündür.
17 Noyabr – Milli Dirçəliş Günümüz mübarək!