İnformasiya Portalı

27 Sentyabr – Anım Gününə həsr olunmuş cüdo turniri keçirilib

0

26 sentyabr tarixində “Neftçi” İdman Klubunun Təlim-Məşq Zalında 27 Sentyabr – Anım Gününə həsr olunmuş, 2015–2016-cı il təvəllüdlü yeniyetmə oğlanlar arasında cüdo üzrə açıq turnir keçirilib.

Turnirdə 100-ə yaxın gənc cüdoçu 7 çəki dərəcəsi üzrə medal uğrunda mübarizə aparıb.

Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin əsas məqsədi şəhid qəhrəmanların şərəfli həyat yolunu gənc nəslə tanıtmaq, yeniyetmə idmançılarda Vətənə, dövlətə və xalqa sevgi, eləcə də vətənpərvərlik və sədaqət hisslərini gücləndirmək olub.

Turnirdə “Neftçi” İdman Klubunun icraçı direktoru Fərəc Əliyev, klubun nümayəndələri və şəhid ailələri iştirak ediblər. Yarışda fərqlənən idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.

Şəhid analarına göstərilən xüsusi diqqət tədbirin ən mənalı məqamlarından biri olub. Turnirdə şəhid Səbuhi Həsənquliyevin anası da iştirak edib.

Tədbir zamanı nəğməkar şairə, publisist və yazıçı, “114-TV”nin “Vətən Qəhrəmanı” verilişinin aparıcısı Maisə Səbuhi tərəfindən “Şəhidlik – Tanrı hədiyyəsidir” kitabı “Neftçi” İdman Klubunun icraçı direktoru Fərəc Əliyevə təqdim olunub. Bu təqdimat tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, iki uşaq atası Adil İbrahimlinin anası Aidə xanım, kapitan Füzulinin anası Fərasət xanım, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Sübhan Abdurahmanlının anası Mehriban xanım, 44 günlük Vətən müharibəsi şəhidi Elvin Abbasovun anası Bahar xanım, 44 günlük Vətən müharibəsi şəhidi, idmançı-könüllü Saleh Əliyevin anası Solmaz xanım turnirin təşkilinə görə “Neftçi” İdman Klubunun rəhbərliyinə və əməyi keçən hər kəsə dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə çıxış edənlər yarışın gələcəkdə ənənəvi şəkildə keçirilməsini, daha da genişləndirilərək beynəlxalq səviyyəli turnirə çevrilməsini arzuladıqlarını bildiriblər. Qeyd olunub ki, bu cür yarışlar idmançıların həm peşəkar inkişafına, həm də Vətənə, dövlətə və milli dəyərlərə bağlı ruhda yetişməsinə töhfə verir.

Fatehler.az-ın təsisçisi, “Neftçi” İdman Klubunun məşqçisi Arzu Hüseynova

Bir cavab yazın

Your email address will not be published.