Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İsveç Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.
Fatehler.az Oxu.Az -a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Növbəti illərdə də ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu deyən dövlətimizin başçısı bu xüsusda müxtəlif səviyyələrdə qarşılıqlı səfər və görüşlərin önəminə toxunub, investisiya, ticarət, biznes sahələrində tərəfdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.
Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün səylə çalışacağını vurğulayıb.
Səfir Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Həmçinin iki ölkə arasında etimadın qurulması istiqamətində atılan addımları alqışladığını bildirib.
İsveçdə çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını və onların təhsil səviyyəsinin yüksək qiymətləndirildiyini deyən səfir tələbələrin gələcəkdə fəaliyyətləri dövründə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklərinə ümidvarlığını ifadə edib.
Luis Morsinq Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdəki müsbət dinamikaya da toxunub və bu xüsusda ikitərəfli saziş üzrə danışıqların bərpa olunduğunu vurğulayıb.
Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək dəyərləndirib.
Azərbaycanla Ermənistan arasında sülh prosesinə toxunan Prezident İlham Əliyev sülh gündəliyinin təşəbbüskarının və müəllifinin məhz Azərbaycan olduğunu deyib, iki ölkə arasında əldə edilən sülhü dünyada presedenti olmayan bir hal kimi qiymətləndirib.
Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırda çox yaxşı olduğunu bildirən dövlətimizin başçısı bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfərlərini, həmçinin onlarla beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri xatırlayıb.
Görüşdə Azərbaycanla İsveç arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübabiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
