4 oktyabr 2026 – Gəncə
2020-ci il Vətən müharibəsinin ilk günlərində Gəncə şəhərinin raket atəşinə tutulmasından 6 il ötür.
2020-ci il oktyabrın 4-də Gəncə Ermənistan ərazisindən raket atəşinə məruz qaldı. Hücumlar şəhərin yaşayış məhəllələrinə və mülki infrastruktura ciddi ziyan vurdu. Azərbaycan Xarici İşlər Nazirliyinin həmin gün yaydığı məlumata görə, həmin tarixədək Ermənistanın raket hücumları nəticəsində 22 azərbaycanlı mülki şəxs, o cümlədən iki məktəbli həlak olmuş, 74 nəfər yaralanmışdı.
Human Rights Watch-un araşdırmasına əsasən, Gəncəyə 4, 11 və 17 oktyabr tarixlərində raket hücumları həyata keçirilib. Təşkilatın məlumatında bu hücumlar nəticəsində 32 mülki şəxsin öldüyü və çox sayda insanın yaralandığı qeyd olunur.
Gəncə sakinləri üçün həmin günlər müharibənin ən ağır səhifələrindən birinə çevrildi. Dağılan evlər, yaralanan insanlar və həyatını itirən günahsız sakinlər şəhərin yaddaşında silinməz iz buraxdı.
Bu gün, hadisələrin 6-cı ildönümündə Gəncədə raket hücumlarının qurbanları ehtiramla yad edilir. 6 il keçsə də, həmin gecə və günlərin ağrısı yaddaşlardan silinməyib.