Fələstinin HƏMAS hərəkatının ABŞ-nin Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabı qəbuledilməzdir.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff sosial şəbəkədə bildirib.
“Mən HƏMAS-ın ABŞ-nin təklifinə cavabını aldım. Bu, tamamilə qəbuledilməzdir və bizi yalnız geri çəkir”, – o yazıb.
Uitkoff əlavə edib ki, HƏMAS gələn həftə başlaya biləcək dolayı danışıqlar üçün əsas kimi Vaşinqtonun çərçivə təklifini qəbul etməlidir.
“Yalnız bu yolla biz yaxın günlərdə 60 günlük atəşkəs haqqında saziş bağlaya bilərik ki, bunun nəticəsində də girovların yarısı və həlak olanların yarısı öz ailələrinə qaytarılacaq. Bu çərçivədə daimi atəşkəsə nail olmağa çalışmaq üçün dolayı danışıqlar zamanı xoş niyyətlə substantiv müzakirələr apara biləcəyik”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təhvil verib.