“Paşinyan seçkilərdə əlavə 10 faiz səsi Qərbi azərbaycanlılardan toplamağa çalışır?” – Xronika

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində yeni analitik süjet hazırlanıb.

“Report”un xəbərinə görə, “Adibekyan: Geri qayıdan azərbaycanlılar da Paşinyana səs verəcəklər” adlı süjetdə Ermənistanın Qərbi azərbaycanlıların qayıdışını artıq qəbul etdiyi, bunun isə erməni cəmiyyətində ciddi müzakirələrə səbəb olduğu bildirilir.

Parlament sədri Alen Simonyanın sözlərinə əsasən, Bakı və İrəvan azərbaycanlıların qayıdışını pərdəarxası danışıqlarda razılaşdırıb. O qeyd edir ki, sülh müqaviləsindən sonra azərbaycanlılar Ermənistandakı doğma kəndlərinə qayıda biləcəklər.

Süjetdə separatçıların Qarabağdan çıxarılması ilə Qərbi azərbaycanlıların qayıdışı arasında paralel aparmağın yanlış olduğu vurğulanır – birincilər ərazi iddiası irəli sürür, ikincilər isə beynəlxalq hüquqa əsaslanaraq geri dönür.

Erməni ekspertlər – Adibekyan, Xaçikyan və Qazaryan – bildirirlər ki, Paşinyan hökuməti artıq qayıdışa razıdır. Onların fikrincə, azərbaycanlı icmanın qayıdışı ilə yanaşı, bölgədə Azərbaycan polisi də yerləşə bilər. Hətta Paşinyanın bu yolla seçkilərdə əlavə səs toplamaq istədiyi iddia olunur.

“Fakt” nəşri isə yazır ki, Paşinyan Tiranada Əliyevə azərbaycanlıların qayıdışı ilə bağlı vəd verib və bu proses artıq reallığa çevrilir.

Sonda qeyd olunur ki, A. Simonyanın açıqlamaları qayıdışın rəsmi qəbulunu, ekspertlərin fikirləri isə prosesin detalları ilə bağlı ehtimalları əks etdirir.

Qeyd edək ki, layihənin məqsədi Qərbi Azərbaycanın tarixi, toponimləri və mədəni irsinin tanıdılması, deportasiya faktlarının sənədləşdirilməsi və bu ərazilərin türk yurdu olduğunu sübut edən materialların dünyaya çatdırılmasıdır.

Comments (0)
Add Comment