Lənkəranda qadın bıçaqlanaraq öldürüldü

Avqustun 24-də saat 9 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə Lənkəran Rayon Prokurorluğundan bildirilib.

İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

11:00

Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri könüllü polisə təslim olub.

Oxu.Az xəbər verir ki, Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək təslim olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

10:12

Lənkəranda gənc qadın qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanadan verilən məlumata görə, qadın xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin məlumata görə, onun qətlində həyat yoldaşı şübhəli bilinir.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Comments (0)
Add Comment