Azərbaycan millisinin baş məşqçisi: “Xorvatiyaya qarşı yaxşı oyun nümayiş etdirdik”

Rəqibə qarşı yaxşı oyun nümayiş etdirdik.

“Report” xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində Xorvariyaya qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis 0:4 hesablı məğlubiyyəti şərh edib:

“Qrupun ən güclü kollektivinə qarşı oynadıq. Futzalçılarımızın oyunundan razı qaldım. AVRO-2026-nın əsas mərhələsinin bütün görüşlərində ikinci hissədə uduzurduq. Bu dəfə heç-heçəyə imza atdıq. Həmişə son 10 dəqiqədə yorğun olurduq. Oyunçularımız belə güclü rəqibə qarşı yaxşı oyun sərgilədilər”.

O, yığmada çətinliklərin olduğunu söyləyib:

“Oyunçularımızın əksəriyyəti zədəli formada çıxış edirlər. Bununla belə, özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Düzdür, çatışmayan cəhətlərimiz var. İnanıram ki, gələcəkdə hər şey qaydasına düşəcək”.

V.Borisov millinin heyətindən kənarlaşdırılan qapıçı Rövşən Hüseynli barədə danışmaq istəmədəyini bildirib:

“Bu məsələ ilə bağlı artıq çox danışılıb. Gələcəkdə nə olacağını zaman göstərəcək. Əgər Rövşən özünü yaxşı tərəfdən göstərsə yenidən komandanın heyətinə qayıda bilər”.

Qeyd edək ki, yığma yer aldığı V qrupu 2 xalla sonuncu sırada başa vurub.

Comments (0)
Add Comment