Azərbaycan millisinin baş məşqçisi: “Texniki və taktiki cəhətdən çatışmazlıqlar çoxdur”

Texniki və taktiki cəhətdən çatışmazlıqlar çoxdur.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov deyib.

Mütəxəssis Avropa çempionatının ilkin mərhələsi üçün bu gün hazırlıqlara başlayan yığma üzvlərinin durumunu dəyərləndirib:

“Bu gündən toplanışa başlamışıq. İlk dəfədir tam heyətlə hazırlıq keçəcəyik. Şükür Allaha, zədəsi olan yoxdur. Məşqlər yaxşı gedir. Texniki və taktiki cəhətdən çatışmazlıqlar çoxdur. Bəzi uşaqlar komandaya yeni qoşulublar və təcrübəsizdirlər. Çalışacağıq ki, səviyyələrini yüksəldək. Çatışmayan cəhətlər üzərində işləyəcəyik. İlk həftədə fiziki, daha sonra taktiki çalışmalara üstünlük verəcəyik. Çünki vaxtımız çox azdır”.

O, bəzi futzalçıları bəyənsə də, heyətə dəvət edə bilmədiyini söyləyib:

“Böyük futboldan bəzi uşaqları da bəyənmişdim, heyətə cəlb etmək istəyirdim. Amma buna imkan olmadı. Çünki onların da öz yarışları var”.

İ.Aslanov millinin yer aldığı B qrupundakı rəqiblərlə bağlı fikirlərini bildirib:

“Toplanış yanvarın 23-dək olacaq. Daha sonra Avropa çempionatının seçmə mərhələsi üçün San Marinoya gedəcəyik. Qrupdakı rəqiblərimizdən San Marinonun oyununu izləmişəm. Lakin Kosovo daha güclü yığmadır. Çalışacağıq yaxşı çıxış edək. Əlbəttə, qarşımıza mərhələni adlamaq məqsədi qoymuşuq”.

Qeyd edək ki, U-19 yanvarın 25-də Kosovo, ertəsi gün San Marinonun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları San Marinoda keçiriləcək. Birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.





Source link

Comments (0)
Add Comment