Naxçıvan Muxtar Respublikasının 10 nöqtəsində elektriklə işləyən avtomobillərin enerji doldurma stansiyaları (EDS) fəaliyyət göstərəcək.
Bunu “Report”un yerli bürosuna açıqlamasında muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rahid Ələkbərli deyib.
Onun sözlərinə görə, artıq quraşdırma işləri yekunlaşmaq üzrədir: “2024-cü il Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin komandası üçün quruculuq ili olub: “Ötən il bir neçə layihə, əsasən də texnoloji hazırlıq istiqamətində layihələr həyata keçirdik. Bu məsələlərdən biri Data Mərkəzinin layihələndirilməsi idi. Biz artıq layihənin yekunlarına gəlib çatmışıq. Hazırda layihəmiz ekspertiza fazasının yekunlarındadır”.
Nazir müavini bildirib ki, başqa bir layihə isə muxtar respublikanın ərazisindən keçən tranzit fiberoptik xəttin qurulması layihəsidi idi: “Bu layihədə təqribən 350 km-ə yaxın magistralın qurulmasına nail olduq. Bu bizim üçün olduqca vacib bir layihədir. Çünki, bu il üçün nəzərdə tutulmuş geniş zolaqlı internet xidmetlerinin genişləndiirlməsi və inkişaf etdirilməsi istiqamətində olan layihəmizdir”.
R.Ələkbərli həmçinin qeyd edib ki, bu il artıq rəqəmsallaşma istiqamətində, əsasən internet istifadəçilərinin səbrsizliklə gözlədiyi geniş zolaqlı internet xidmətlərinin tətbiqi üçün hazırlıq işləri gedir.