Fransa müstəmləkəçiliyinin ifşası — Prosesə BMT də qoşulur — ŞƏRH


Müstəmləkəçilik, yaxud kolo­nializm onu həyata keçirən ölkələrin tarixində si­linməz ləkədir. Fransa bu rüsvayçılıq siyahısında ilk yerdə qərarlaşıb. Rəsmi Paris bu gün də hər vəchlə müstəmləkə im­periyasını qorumağa, Fransız Polineziyası, Martinika, Mayot, həmçinin “sui generis” (xüsusi statuslu inzibati-əra­zi qurumu) ərazisi olan Yeni Kaledoniya adasında yerli xalqları əsarətdə saxlamağa çalışır.

Həmin ərazilərə müstəqillik verməkdən boyun qaçırılır, müstəmləkə ərazilərin istismarı davam etdirilir, oradakı milli azlıqların hüquqları tapdalanır.

Fransa, həmçinin, başqa ölkələrin, o cümlədən, Azərbaycanın daxili işlərinə qarışır, anti-Azərbaycan qətnamə və qərarların qəbuluna çalışır.

Yeri gəlmişkən, Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu nəticələr əldə edib. Beynəlxalq səviyyədə tədbirlər keçirib, neokolonializmə qarşı ciddi təşəbbüslərlə çıxış edib. Məhz Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin nəticəsidir ki, BMT-nin İnsan Hüquqları Komitəsi Fransanın neokolonializm siyasətini sərt tənqid edən hesabatla çıxış edib. Bildirilib ki, rəsmi Paris Yeni Kaledoniyada etirazların qurbanlarına kompensasiya ödəməlidir. BMT-nin İnsan Hüquqları Komitəsi Fransanı Yeni Kaledoniyada etirazçılara qarşı həddindən artıq güc tətbiq edənləri məsuliyyətə cəlb etməyə və Fransa hakimiyyətinin bu cür hərəkətlərinin qurbanlarına kompensasiya ödəməyə çağırıb.

Komitənin bəyanatında qeyd olunub ki, Fransanın hüquq-mühafizə orqanları Yeni Kaledoniyada etirazlar zamanı həddindən artıq güc tətbiq edib və bu, bir neçə nəfərin ölümünə və yüzlərlə yaralının olmasına səbəb olub, onların arasında Kaledoniyanın yerli xalqı olan kanaklar da var.

«Komitə həmçinin nümayişlərdə asayişin qorunması zamanı həddindən artıq güc tətbiq edilməsindən və 2024-cü ilin may ayından Yeni Kaledoniyada konstitusiya qanununa təklif olunan dəyişikliklərə qarşı etirazlar başlayandan bəri hüquq-mühafizə orqanları əməkdaşlarının həddindən artıq güc tətbiq etməsi və bunun bir neçə nəfərin ölümünə səbəb olması ilə bağlı dərin narahatlıq keçirir», — deyə qurumdan bildirilib.

BMT qurumu qeyd edib ki, Fransa həmçinin xarici miqrantların hüquqlarını pozur, onları İtaliya sərhədindən məcburi geri qaytarır və sığınacaq prosedurlarına çıxışlarını məhdudlaşdırır. Bu cür hərəkətlərlə Fransa hakimiyyəti insanların həyatına etinasız yanaşdığını nümayiş etdirir. «Komitə həmçinin Fransanı miqrantları kifayət qədər layiqli mənzillə təmin etmək səylərini gücləndirməyə və sərhəd bölgələrində, xüsusilə Fransa-Britaniya sərhədində, eləcə də Mayotda sığınacaq axtaranlarla, qeyri-qanuni miqrantlarla pis rəftara son qoymağa təkidlə çağırır», — bəyanatda deyilib.

Vurğulanıb ki, Fransa Yeni Kaledoniya ilə yanaşı, Fransız Polineziyasının da yerli xalqlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini asanlaşdırmalı və sürətləndirməlidir. Paris öz müqəddəratını təyinetmə prosesi ilə bağlı hər hansı bir tədbir həyata keçirməkdən öncə hər iki bölgənin yerli xalqları ilə məsləhətləşərək onların razılığını almalıdır.

Sözügedən sənədə əsasən, komitə Fransa vətəndaşlarının dinc toplaşmaq hüquqlarının pozulmasından son dərəcə narahatdır. Bu istiqamətdə nümayişçilərin özbaşına yoxlanılması və həbs edilməsi hallarının artdığı fakt kimi göstərilib, həmçinin nümayişlərin, o cümlədən Fələstin xalqının dəstəklənməsi ilə bağlı aksiyaların keçirilməsinə qadağaların sayının artmasına diqqət çəkilib.

Faktlardan da göründüyü kimi, Fransa neokolonializm siyasətinin aktiv müdafiəçisidir. Bu ölkə, həmçinin islamofobiyadan da qurtula bilmir. Onun mənfur kolonial və islamofob siyasətinə qarşı çıxanlara isə müxtəlif cür cəza üsulları tətbiq etməkdən çəkinmir. Məsələn, kolonializmə qarşı ardıcıl mübarizə aparması ilə tanınan pakistanəsilli Böyük Britaniya vətəndaşı Məhəmməd Rəbbaninin başına gətirilənləri yada salaq. Fransa hakimiyyət orqanları onun BMT-nin Cenevrədəki missiyasındakı konfransda iştirakının qarşısını alıb. Məhz Fransa Prezidenti Emmanuel Makron hökumətinin tələbi ilə Rəbbani BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi “Neokolonializm: İnsan Haqları, Sülh və Təhlükəsizlik” konfransına buraxılmayıb.

Məlumat üçün bildirək ki, M.Rəbbani E.Makronun hakimiyyətinin islamofob və neokolonial siyasətini ardıcıl olaraq pisləməsi ilə tanınır.

Fransada islamofobiyanın yayılmasını, insan hüquqlarının kobud şəkildə pozulmasını bəyan etməsi, hökumətin müsəlmanlara qarşı indiki siyasətini təhqiramiz adlandırması hüquq müdafiəçisini dünyada məşhur edib. O hesab edir ki, Fransada müsəlman bu ölkənin qaydaları ilə yaşamasa, cəmiyyətdə hamının üz döndərdiyi şəxsə çevrilir. Məsələn, müsəlman qız öz dininin tələblərinə uyğun geyindiyi üçün məktəbə buraxılmaya və təhsil hüququndan məhrum edilə bilər: “Bu, yenə də ikili standartlar siyasətidir”. Görünür, elə bu səbəbdən də Fransa onun irqçi siyasətini sərt tənqid edən bu şəxsə qarşı açıq fəaliyyətə keçib.

Son olaraq, liberal dəyərlərdən danışan Makron Fransası bilməlidir ki, dünyada ən böyük dəyər insan hüquqlarının qorunması, ona əməl olunmasıdır. Yuxarıda qeyd olunanlar isə onu deməyə əsas verir ki, Paris üçün dəyər anlayışı öz maraqlarına qədərdir. “Öz gözündə tiri görməyib, başqasının gözündə çöp axtaran” Fransa bütün bu fəaliyyətlərindən əl çəkməlidir. Müasir, sivil dünya Parisdən məhz bunu tələb edir.





Source link

Comments (0)
Add Comment