Ayxan Hacızadə: 30-dan çox ölkənin BRICS-ə üzvlük üçün müraciəti təşkilata artan marağı göstərir

Azərbaycandan əlavə 30-dan artıq ölkə təşkilata qoşulmaq üçün müraciət ünvanlayıb. Ümumilikdə, təşkilatda dünya iqtisadiyyatında əhəmiyyətli çəkiyə malik ölkələrin və fərqli coğrafiyaların təmsil olunması təşkilata artan maraqdan xəbər verir və maraqlı tərəflərdən biri də Azərbaycandır.

Bu barədə «Report»a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə danışıb.

O bildirib ki, BRICS-ə üzvlük üçün rəsmi müraciəti aprelin 2-də təşkilatın sədrinə göndərilib.

«BRICS təxminən 18 ildir fəaliyyət göstərən beynəlxalq hökumətlərarası bir əməkdaşlıq platformasıdır. BRICS-də hazırda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri üzvdürlər. BRICS dünyanın 30%-dən çox ərazisini, təxminən 43% əhalisini, və 26% ÜDM-ni əhatə edir. Təşkilata üzv dövlətlər böyük təbii resurslara, böyük daxili bazara və əmək rezervlərinə, bir sıra üzvləri yüksək texnoloji sənayeyə malik ölkələrdir. BRICS-də BMT TŞ, Böyük 20-lik, Qoşulmama Hərəkatı, Afrika Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional strukturlarının üzv olan dövlətlər bir araya gəlmişlər. Bütün bunlarla BRICS beynəlxalq münasibətlər sistemində özünəməxsus çəkiyə malik bir təşkilata çevirib»,-A.Hacızadə qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, BRICS çərçivəsində əməkdaşlıq daxili işlərə qarışmamaq, bərabərlik və qarşılıqlı mənfəətə əsaslanır:

«BRICS-in sənədlərində dövlətlərin suveren bərabərliyi və bir-birinin işlərinə qarışmamaq prinsipləri, ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün birgə işləmək qətiyyəti izhar olunur. BRICS çərçivəsində geniş spektr əməkdaşlıq istiqamətləri mövcuddur. Ümumilikdə, BRICS çərçivəsində üç əsas istiqamət — siyasi və təhlükəsizlik, maliyyə və iqtisadi, mədəni və xalqlar arasında münasibətlər üzrə əməkdaşlıq aparılır. Azərbaycan isə regionda etibarlı tərəfdaş olmaqla beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə verməkdə davam edir, beynəlxalq hüququn aliliyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirir. Bu məqsədlə bir çox beynəlxalq çoxtərəfli platformalarda əməkdaşlığımız inkişaf etdirilir və dərinləşdirilir».

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.





Source link

Comments (0)
Add Comment