Ailəsinin 5 üzvünü öldürən Əhmədin məhkəməsindən YENİ XƏBƏR

İkisi azyaşlı olmaqla, ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi keçirilib.

Lent.az xəbər verir ki, bu ilin ölkə gündəmini uzun müddət zəbt edən dəhşətli cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə Əhməd Əhmədov gətirilməyib.

Proses oktyabrın 8-ə təxirə salınıb.

Xatırladaq ki, ölkədə geniş rezonans doğuran cinayəti Əhməd Əhmədov bu il fevralın 13-də törədib. O, 52 yaşlı atası Mehman Əhmədovu, 47 yaşlı anası Pikə Əhmədovanı, 27 yaşlı bacısı Elmira Əhmədovanı, 3 yaşlı azyaşlı bacısı qızı Ülviyyə Niftəliyevanı və 9 yaşlı azyaşlı qardaşı Məhəmməd Əhmədovu qətlə yetirib. 

Prokurorluqdan məhkəməyə göndərilən qərara görə Əhməd Əhmədovun uşaqlıqdan psixoloji durumu normal olmayıb, şizofreniyadan əziyyət çəkib. Orta məktəbdə 9-cu sinifə kimi təhsil alan Əhmədov hərbi xidmətə yararsız hesab edilib. Yaxınlarının köməyi ilə Moskva şəhərində universitetlərdən birində ali təhsil alıb. Əhməd Əhmədov istintaqa ifadəsində ailə üzvlərini öldürməsini ailədə onu heç kimin saymaması, ona diqqət göstərməməsi ilə izah edib.

Ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayıb. İstintaq sənədlərinə görə, o, tək yaşadığı üçün ailə üzvləri ilə münasibətləri normal olmayıb. Amma hadisə günü atası Mehman Əhmədov onu öz evinə gətirib. Əhməd atası səhər yeməyi hazırlayan vaxt qəfil onu öldürmək fikrinə düşüb. Qatil oğul evdə atasını tək olanda öldürüb. Atası öləndən sonra onun avtomobilinin açarını götürərək evdən çıxıb və maşına minib birbaşa bacısı Elmiranın evinə gedib. Elmira qapını açan kimi Əhməd əlindəki bıçaqla onu da öldürüb. Əhməd azyaşlı bacısı qızını öldürmək istəyərkən əlindəki bıçaq qırılıb. Buna baxmayaraq evin mətbəxindən başqa bıçaq götürərək uşağı da öldürüb. O, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.

Marketdən çıxdıqdan sonra anası Pikə və qardaşı Məhəmmədin evə gəldiyini görüb. Yaxınlıqdakı mağazadan 20 manata balta alan Əhməd ana və qardaşını həmin balta ilə öldürüb. İstintaq materiallarına görə, balta ilə əvvəl anasını sonra da qardaşını öldürüb. İşini bitirdikdən sonra baltanı evin şkafında gizlədib. Qeyd olunub ki, dəhşətli qətllərin törədildi ərazidə polis əməkdaşları olub. Orada olan Əhmədin özünü şübhəli aparması nəticəsində saxlanılıb. Dəhşətli qətllərin üstü açılıb. Qeyd edək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib.

İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinə yerləşdirilib. 

Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.



Source link

Comments (0)
Add Comment