Azərbaycanda tikintiyə icazə üzrə Yol Xəritəsinin təqdimatı keçirilib


Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” İşçi qrupunun növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclası giriş sözü ilə açan Komitə sədrinin I müavini, İşçi qrupun rəhbəri Namiq Hümmətov ötən illər ərzində tikintiyə icazələrin verilməsi prosesində edilən mühüm dəyişikliklər və bu məqsədlə yaradılan elektron icazə portalından, həmçinin qurumlararası əlaqələrin əhəmiyyətindən danışıb.

O, bu ilin 6 ayı ərzində bütün növ obyektlərin tikinti və istismarına icazə prosesinin artıq yalnız elektron qaydada, Komitənin yaratdığı «Bir Pəncərə» prinsipi əsasında aparıldığını qeyd edib.

İclasda Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev də çıxış edərək, «Tikintiyə icazələrin verilməsi» İşçi qrupunun 2018-ci ildən etibarən dinamik fəaliyyəti nəticəsində tikinti sektorunda islahatların həyata keçirilməsinə müvəffəq olduğunu qeyd edib. O, müvafiq sahədə müasir çağırışlara cavab verən yenilikləri tətbiq etmək məqsədilə yeni Yol Xəritəsinin hazırlandığını diqqətə çatdırıb, əlavə edib ki, belə bir təqdimatın keçirilməsi həm sahibkarların tikinti sektorunda baş verəcək mühüm yeniliklərlə hazırlıqlı olmasına, həm də yeni təşəbbüslərin hazırlanmasında biznes nümayəndələri və qeyri-hökumət təşkilatlarının aktiv iştirakına şərait yaratmaqdır.

Tədbirdə daha sonra çıxış edən Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, İşçi qrupun rəhbərinin müavini Read Qasımov “Tkintiyə icazələrin verilməsi sahəsində təkmilləşmələr və kommunikasiya üzrə Yol Xəritəsi»nin prioritet istiqamətləri barədə ətraflı məlumat verib. O, bildirib ki, proqramda tikinti sahəsində mövcud prosedurların və razılaşdırma mexanizminin təkmilləşdirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi, məlumatlara əlçatanlığın və tikintiyə dair tələblərin ictimaiyyətə açıqlığının bir mənbədən təmin olunması, qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, habelə gələcəkdə Binaların İnformasiya Modelləşdirilməsinə (BİM) keçidin təmin edilməsi nəzərdə tutulur. R.Qasımov həmçinin Yol Xəritəsinin əsas istiqamətləri, o cümlədən tikinti və istismara icazələrin verilməsi sahəsində şəffaflığın təmin edilməsindən bəhs edib.

Həmçinin son vaxtlar ölkə qanunvericiliyində edilmiş dəyişikliklərdən, onların sırasında icazə və məlumatlandırma icraatının elektron qaydada həyata keçirilməsi, mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin elektron qaydada verilməsi, tikinti layihələrinin elektron formada hazırlanması və «Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi»nin təsdiq olunması kimi mühüm yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, iclas iştirakçıları enerji səmərəliliyi və yaşıl tikinti standartlarının tətbiqi, tikinti fəaliyyəti və ekoloji ekspertiza, onlayn dövlət xidmətləri və statistika, tikinti icazələri üzrə qarşılıqlı fəaliyyət kimi mühüm məsələləri də müzakirə ediblər.





Source link

Comments (0)
Add Comment