«Araz-Naxçıvan»ın baş məşqçisi Türkiyə toplanışını dəyərləndirib

«Araz-Naxçıvan» klubunun baş məşqçisi Elmar Baxşıyev komandanın Türkiyədə davam edən təlim-məşq toplanışını dəyərləndirib.

«Report» xəbər verir ki, 44 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Ərzurumda təşkil olunan hazırlıq prosesindən razı qaldığını bildirib.

«Hazırlığımız plan üzrə davam edir. Nəzərdə tutduğumuz kimi, futbolçular gün ərzində iki məşq keçirlər. Səhər hazırlığı zamanı fiziki, axşam çalışmasında isə taktiki-texniki təmrinlər yerinə yetirilir. Hər kəs anlayır ki, çempionatda uğur qazanmaq üçün bu gün daha çox çalışmalıyıq», — deyə E.Baxşiyev söyləyib.

O, komandanın düşərgəsinə Türkiyədə qoşulan Benni və Felipe Santosla bağlı danışıb:

«Hər iki futbolçu digər oyunçular kimi fiziki yükləmələri alırlar. Durumları qənaətbəxşdir. Bir neçə gündən sonra kollektiv məşqlərə qoşulacaqlar. Onların komandamıza faydalı olacaqlarına inanırıq. Zədə üzündə Ramin Nəsirli bizə qoşula bilmədi. O, Bakıda keçirdiyimiz yoxlama matçında zədələndi. Buna görə də komanda ilə birgə Ərzuruma gəlmədi. Qalan futbolçular tam gücləri ilə hazırlıq keçirlər».

Qeyd edək ki, «Araz-Naxçıvan» hazırlıq çərçivəsində iyulun 16-da «Alanyaspor»la yoxlama görüşü keçiriəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Bundan sonra daha 2 matçda gücünü sınayacaq komanda iyulun 25-də Bakıya dönəcək.





Source link

Comments (0)
Add Comment