ABŞ-nin Sakit okean sahillərində yerləşən Kaskadiya subduksiya zonasının yaxın gələcəkdə aktivləşməsi nəticəsində bölgədə dağıdıcı təbii fəlakətin baş verəcəyi ehtimal edilir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan yeni tədqiqatda bildirilir.
Virciniya Texnologiya İnstitutunun alimləri tərəfindən aparılan araşdırmaya əsasən, Kaskadiya zonasının aktivləşməsi zamanı 9 bal gücündə zəlzələ baş verə və nəticədə 30 metrdən yüksək sunami dalğaları yarana bilər. Zəlzələ nəticəsində sahilyanı ərazilər cəmi bir neçə dəqiqə ərzində 1,9 metrədək çökə bilər.
Mütəxəssislərin hesablamalarına görə, belə bir hadisə baş verərsə:
– 14 350 nəfər əlavə olaraq sel riskinə məruz qala bilər;
– 22 500 bina və 777 mil yol su altında qala bilər;
– Məktəblər, xəstəxanalar, polis və yanğınsöndürmə məntəqələri də daxil olmaqla, vacib infrastruktur obyektlərinə zərər dəyə bilər;
– 57 potensial çirklənmə mənbəyi (yanacaqdoldurma məntəqələri, tullantıemalı müəssisələri və s.) təhlükə altına düşə bilər.
Tədqiqat müəlliflərindən biri, Yer elmləri üzrə dosent Tina Duranın sözlərinə görə, bu cür zəlzələnin yaratdığı dəyişikliklər sahilyanı ərazilərin coğrafiyasına və torpaq istifadəsinə uzunmüddətli təsirlər göstərə bilər.
Qeyd edək ki, Kaskadiya zonasında son böyük zəlzələ 1700-cü ilin 27 yanvarında baş vermiş və onun nəticəsində yaranan sunami dalğaları Yaponiyaya qədər çatmışdı.
Hazırda bu ərazidə növbəti 50 il ərzində 8 və daha yuxarı bal gücündə zəlzələnin baş vermə ehtimalı 15% olaraq qiymətləndirilir. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, iqlim dəyişikliyi səbəbindən qlobal dəniz səviyyəsinin yüksəlməsi fəlakətin nəticələrini daha da ağırlaşdıra bilər.