Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov yeni yaradılan cüdo liqaları ilə bağlı mətbuat konfransında bildirib.
O, hər bölgədə ayrı-ayrılıqda altı günlük seminar təşkil etmək istədiklərini söyləyib:
“Regionların inkişafı bizim üçün vacibdir. İlkin mərhələdə müəllimləri dəvət edəcəyik. Daha sonra bütün zallarda uşaqlara məşqlər keçiriləcək.İlk seminar aprelin 14-dən 19-na qədər Goranboyda keçiriləcək. Hazırda müəllimlərin inkişafı tam istədiyimiz səviyyədə olmasa da, irəliləyiş var. İdman Akademiyası ilə əməkdaşlıq edirik. Lazım olan dəstəyi göstəririk. İş gedir, fikrimcə, inkişaf var”.