Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Parlamentlərarası İttifaqın (PAİ) “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Sahibə Qafarova deyib ki, dünyada baş verən münaqişələr və geosiyasi gərginliklər, iqtisadi bərabərsizliklər, ekoloji və digər çağırışlar sosial inkişafa ciddi maneələr yaradır.
Spiker qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində irəliləyiş çox zəifdir – hədəf üzrə cəmi 17 faiz irəliləyiş müşahidə olunur. Milli Məclisin sədri bildirib ki, bu ilin noyabrında Sosial İnkişaf üzrə İkinci Dünya Sammitinin keçiriləcəyini nəzərə alaraq, cari ümumi müzakirələr təcrübə mübadiləsi, uğurlu nümunələrin paylaşılması və mövqelərimizin ifadə olunması baxımından yaxşı fürsətdir. Həmçinin sosial inkişafa yalnız milli məsələ kimi baxmamaq və beynəlxalq səviyyədə birgə səyləri artırmaq mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirildiyini nəzərə çatdıran Sahibə Qafarova nəzərə çatdırıb ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib. Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini 30 il ərzində işğal altında saxlaması nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 250 mindən çoxu Ermənistandan qovulmuş insanlardır. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra, hökumət bu ərazilərin bərpası, minalardan təmizlənməsi, iqtisadi fəaliyyətin yenidən qurulması və yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində çox fəal olub. İndiyə qədər təxminən on min nəfər keçmiş məcburi köçkün artıq doğma yurdlarına qayıdıb. 2026-cı ilin sonuna qədər bu rəqəmin 140 minə çatacağı gözlənilir. Bu, insan mərkəzli və dayanıqlı inkişafa yönəlmiş yanaşmamızın daha bir göstəricisidir. Eyni zamanda son 5 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları həcmində humanitar, maliyyə və texniki yardım göstərməklə sosial inkişafın dəstəklənməsi istiqamətində beynəlxalq birgə səylərə sadiqliyini aydın şəkildə nümayiş etdirib.