Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda 2 Ermənistan və 4 Şimali Qafqaz vətəndaşı iş adamını qaçırdıqlarına görə saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qaçırılan iş adamı saxlanılanlardan birinin qohumudur.
Məlumata görə, şübhəlilər zərərçəkəni izləyib və avqustun 20-də Qribki kəndi yaxınlığında ona yaxınlaşıblar. Quldurlar onu zorla icarəyə götürdükləri maşına mindirərək Solneçnoqorsk şəhər rayonuna aparıblar. Orada iş adamını bir neçə gün kirayəyə götürdükləri evdə saxlayıblar.
Qaçırılan iş adamının oğlu polisə müraciət edib. Nəticədə girov azad edilib, təqsirləndirilən şəxslər saxlanılıb. Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Olqa Vradiyin bildirdiyinə görə, onların hamısına qabaqcadan əlbir olaraq bir qrup şəxs tərəfindən adam oğurluğu ilə bağlı ittiham irəli sürülüb.
İstintaqın vəsatəti əsasında məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.