Rumıniya hökuməti Moldovanın Dunay çayındakı Curculeşti limanının alınmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə danışıqların başlanmasına icazə verən memorandumu təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin nümayəndəsi Mixay Konstantinin açıqlamasında deyilir.
“Nazirlər Kabinet Nəqliyyat və İnfrastruktur Nazirliyinə tabe olan, Konstansa qeydiyyatlı “Sea Ports Authority” milli şirkəti vasitəsilə Rumıniya dövlətinin Moldova Respublikasının Curculeşti Beynəlxalq Azad Limanında yerləşən və EBRD-yə məxsus “Dunaube Logistics” şirkətinin səhmlərinin alınması ilə bağlı bankla danışıqlara başlanmasını təsdiqləyib. Memoranduma əsasən, bankla bu səhmlərin alınması ilə bağlı danışıqlara başlamaq üçün komissiya yaradılacaq. Alış baş tutarsa, “Sea Ports Authority” milli şirkəti tərəfindən təmsil olunan Rumıniya dövləti Curculeşti limanı üzərində çox böyük nəzarət hüququ əldə edəcək”, — o deyib.
Konstantin vurğulayıb ki, söhbət Rumıniyanın Konstansa limanını Avropanın bu hissəsində mühüm yükdaşıma qovşaqlarından birinə çevirmək üçün yük axınının optimallaşdırılmasından gedir.