Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illik yubileyinə həsr olunan “Baku Open 2024” Şahmat Festivalının açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə təşkil edilən yarışın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə start götürüb.
Ardınca Azərbaycanla bağlı videoçarx nümayiş olunub.
Rəsmi çıxışlarda ön söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Açılış mərasiminə gələn rəsmi qonaqları salamlayan nazir yarış iştirakçılarına uğurlar arzulayıb. O, şahmata ölkədə günü-gündən marağın artdığını vurğulayıb.
Ardınca AŞF-nin prezidenti Mahir Məmmədov çıxış edərək Bakı İdman Sarayına gələn hər kəsi görməkdən məmnun olduğunu bildirib. Qurum rəhbəri hər il yarış iştirakçılarının sayının artdığını diqqətə çatdıraraq ölkə şahmatının inkişafının əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. M.Məmmədov şahmata olan diqqət və qayğının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.
Daha sonra nitq söyləyən FIDE prezidenti Arkadi Dvorkoviç şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı və FIDE-nin 100 illik yubileyinə həsr olunan festivalın Azərbaycanda keçirilməsinə görə Gənclər və İdman Nazirliyinə, həmçinin AŞF rəhbərliyinə öz minnətdarlığını bildirib.
Rəsmi çıxışlardan sonra FIDE prezidenti Arkadi Dvorkoviç tərəfindən gənclər və idman naziri Fərid Qayıbova və AŞF-nin prezidenti Mahir Məmmədova hədiyyələr təqdim olunub.