Özbəkistan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası zamanı 10 milyard ABŞ dolları dəyərində yeni investisiya layihələri formalaşdırıblar.
“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“10 milyard dollar dəyərində yeni investisiya layihələri portfeli formalaşdırılıb”, — məlumatda deyilir.
Mətbuat xidmətindən əlavə edilib ki, tərəflər ikitərəfli ticarət dövriyyəsinin həcmini qısa zamanda 5 milyard dollara çatdırmaq vəzifəsini qarşıya hədəf qoyublar.
Məlumatda qeyd olunur ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 dəfə, müştərək müəssisələrin sayı 2 dəfə, Türkiyənin Özbəkistan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 2,5 dəfə artıb.
“Güzəştli ticarət haqqında Saziş çərçivəsində gömrük tariflərinin azaldılması və İstanbul şəhərində Özbəkistanın ticarət nümayəndəliyinin açılmasının zəruriliyi vurğulanıb”, — mətbuat xidməti əlavə edib.
Özbəkistan və Türkiyə həmçinin əməkdaşlığın mühüm istiqamətləri arasında iki ölkənin nəqliyyat və logistika potensialının, o cümlədən Orta Dəhlizin imkanlarından səmərəli istifadə etməklə, artırılmasını müəyyən ediblər.
İclasın yekununda hökumətlərə qəbul edilmiş qərarların həyata keçirilməsi üçün birgə yol xəritəsinin təsdiq edilməsi tapşırılıb.