Hindistanın neft və qaz şirkətləri olan “Indian Oil Corporation”, “Bharat Petroleum” və “Hindustan Petroleum” ABŞ ilə ildə 2 milyon tondan çox mayeləşdirilmiş təbii qazın (LNG) alınması ilə bağlı bir illik müqavilə imzalayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Hindistanın neft və təbii qaz naziri Hardip Sinqh Puri öz “X” hesabında yazıb.
“Dünyada ən böyük və sürətlə böyüyən mayeləşdirilmiş təbii qaz bazarlarından biri ABŞ üçün açılır. Hindistan neft şirkətləri Meksika körfəzi sahillərindən həyata keçiriləcək ildə təxminən 2,2 milyon ton mayeləşdirilmiş təbii qaz tədarükü üçün bir illik müqavilə imzalayıblar ki, bu da bizim 2026-cı il müqavilə ili üçün illik idxalımızın təxminən 10%-ni təşkil edir”, – deyə Puri bildirib.
O, bunun ABŞ LNG-sinin Hindistan bazarına tədarükü üzrə ilk müqavilə olduğunu qeyd edib və bunu tarixi hadisə adlandırıb:
“Nyu-Delhi Hindistan əhalisini etibarlı və əlçatan mayeləşdirilmiş təbii qaz tədarükləri ilə təmin etməyə səy göstərir və öz mənbələrini şaxələndirir”.
Purinin sözlərinə görə, sazişdən əvvəl bir neçə aylıq danışıqlar aparılıb. Hindistan neft şirkətlərinin nümayəndə heyəti ABŞ-yə səfər edib və aparıcı ABŞ istehsalçıları ilə məsləhətləşmələr aparıb.