Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Bakıda “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” adlı beynəlxalq elmi konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir icmanın 2025-ci il üçün təsdiq olunmuş Tədbirlər Planının 15-ci bəndinə uyğun olaraq “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.
Bildirilib ki, beynəlxalq konfransın məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış şəxslərin öz doğma yurdlarına ləyaqətlə qayıtmaq hüququnun insan hüquqları, beynəlxalq hüquq və regional təhlükəsizlik kontekstində elmi əsaslarla öyrənilməsi və qiymətləndirilməsidir.
Tədbir Azərbaycanın dövlət himni səsləndirilməsi ilə açıq elan olunub, ulu öndər Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açılış nitqi ilə açan Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, qurumun 11 müraciəti BMT-də əsas sənəd kimi yayımlanıb:
“Təşkilatın əsas hədəfi tarixi torpaqlarımıza qayıdış hüququnu təmin etməkdir ki, burada da əsas istinad nöqtəsi beynəlxalq hüquqdur. Bununla bağlı xarici ölkələrlə və təşkilatlarla dialoqdayıq. Həmçinin BMT-də yayımlanan sənədlərdə vurğulanıb ki, biz birgəyaşayışa, dinc qayıdışa hörmət edirik”.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri Zahid Cəfərov isə “Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ” mövzusunda çıxış edib:
“Soyqırımı anlayışı geniş məzmun daşıyır və yalnız fiziki deyil, eyni zamanda, mənəvi məhvetmə, yəni mədəni soyqırımı da özündə ehtiva edir. Qərbi Azərbaycanda azərbaycanlılara məxsus mədəni irs nümunələrinin, abidələrin, tarixi toponimlərin məhv edilməsi və dəyişdirilməsi, həmçinin Azərbaycanın milli-mədəni irsinin mənimsənilməsi – bütün bunlar mədəni soyqırımın bariz nümunələridir. Ermənilər Qərbi Azərbaycanda bu əlamətlərin demək olar ki, hamısını həyata keçiriblər. Tarixi abidələrimizin dağıdılması, onların bünövrəsinədək sökülməsi, toponimlərimizin dəyişdirilməsi, maddi və qeyri-maddi irsimizin mənimsənilməsi bunun açıq göstəricisidir. Məsələn, İrəvanda yerləşən bir sıra qədim Azərbaycan abidələrinin bu gün başqa xalqlara məxsus kimi təqdim edilməsi bu prosesin davamıdır”.
Konfransda çıxış edən Vyana Universitetinin hüquq sahəsi üzrə dosent doktoru Yeganə Məsimova isə vurğulayıb ki, Qərbi azərbaycanlıların beynəlxalq statusuna yenidən baxılmalıdır:
“Beynəlxalq mexanizmlərin tətbiqi ilə onların ata-baba yurdlarına qayıdışı mümkündür. Bunu isə işləyib hazırlamaq lazımdır”.

Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev isə bildirib ki, Qərbi Azərbaycanlıların Ermənistana qayıdışı tam mümkündür:
“Bu gün torpaqlarımız işğaldan azad edilib, suverenliyimiz bərpa olunub. Qərbi Azərbaycanlıların da Ermənistana qayıdışı beynəlxalq hüquqa, aktlara tam uyğundur”.

Sonda isə Əziz Ələkbərli “Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında” Qanun layihəsinin hazırlanıb Milli Məclisə təklif edilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, tədbir çərçivəsində qayıdış hüququnun beynəlxalq hüquqi əsasları, qaçqın və deportasiya olunmuş şəxslərin hüquqi statusu, mülkiyyət hüquqlarının müdafiəsi və AİHM təcrübəsində qiymətləndirilməsi, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin sülh prosesi və onun qayıdış hüququna təsiri, işğal dövründə cinayət hüququnun tətbiqi və işğaldan sonrakı məsuliyyət mexanizmləri, əhalinin köçürülməsi, mədəni hüquqların bərpası və mülki-hüquqi mexanizmlər, qayıdış konsepsiyasının həyata keçirilməsini təmin edən beynəlxalq hüquqi alətlər və praktiki mexanizmlər üzrə elmi-nəzəri və praktiki müzakirələr aparılıb.
- Aqil Vəlili



















































