«Qarabağ» güclü komandadır.
«Report»un məlumatına görə, bunu FCSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda «Qarabağ»a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam təmsilçisinin təcrübəli komanda olduğunu vurğulayıb:
«Rəqibimiz və onun baş məşqçisi təcrübəlidir. Bizim üçün çətin olacaq. Amma komandamız yaxşı durumdadır. Çalışacağıq bunu sabah meydanda göstərək».
O, «köhlən atlar»ın fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışıb:
«Qarabağ» üçün əhəmiyyətli şəxs həyatını itirib. Onu sevənlərə və klubun bütün üzvlərinə başsağlığı verirəm».
Baş məşqçi heyətdə çatışmazlıqlar olduğunu bildirib:
«Zədəli futbolçularımız var. Bu səbəbdən alternativlər fikirləşirik. Yenə də bunun bizə ciddi təsir etməyəcəyini düşünürəm».
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun «Qarabağ» — FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.