Azərbaycanın gömrük orqanlarının gördüyü tədbirlər nəticəsində ötən il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və bu faktlar üzrə ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
«Report» bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Məlumata görə, aşkar edilən narkotiklərin 314 kq 989 qramını marixuana, 28 kq 755 qramını həşiş, 25 kq 570 qramını heroin, 6 kq 214 qramını tiryək, 583,491 qramını metadon, 2 kq 667 qramını metamfetamin, 330 qramını kalium permanqanat, 6,55 qramını zolpidem, 5,98 qramını klobazam və digər maddələr təşkil edib.
İl ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 96 nəfər barəsində müvafiq tədbir görülüb.
Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 98,3 %-i (372 kq 768 qram) cənub sərhədlərindən Azərbaycan ərazisinə keçirilərkən aşkarlanıb. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin 90,2 %-i (342 kq 267 qram) ölkə ərazisindən tranzit keçirilməsinə cəhd zamanı aşkar edilib.