ABŞ-nin Milli Hokkey Liqası (NHL) Milad bayramında məşq keçən «Dallas» klubunu 100 min dollar cərimələyib.
«Report» xəbər verir ki, bu barədə NHL-in mətbuat xidməti məlumat yayıb.
Dekabrın 28-də baş tutan «Minnesota» ilə matçdan (2:3 OT) əvvəl «Dallas»ın baş məşqçisi Piter Debur komandaya əlavə məşq keçdiyini qeyd edib. NHL-in Kollektiv Sövdələşmə Sazişinə (CBA) əsasən Milad bayramı dövründə məşqlərin və oyunların keçirilməsi, həmçinin uçuşların, səfərlərin təşkili qadağandır. Liqada dekabrın 25 və 27-si aralığında matçlar oynanılmır.
2022-ci ildə «Toronto» komandası bayram vaxtı uçuş həyata keçirdiyi üçün 100 min dollar cərimələnmişdi. Həmçinin 2015-ci ildə «Filadelfiya» «Naşvill»lə matçdan əvvəl təyyarə ilə səfər etdikləri üçün eyni məbləğdə cəriməyə məruz qalmışdı.
Qeyd edək ki, «Dallas» klubu 35 oyundan sonra 43 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.