Niderlandın “Ayaks” klubunun 41 yaşlı qapıçısı Remko Pasveer ölkə çempionatı tarixinə düşüb.
“Report” «Voetbal International»a istinadən xəbər verir ki, o, Erediviziyanın V turundan təxirə salınmış “Utrext”lə (2:2) oyunda avtoqol müəllifi olub.
Bununla da R.Pasveer Niderland çempionatı tarixinə öz qapısına qol vuran ən yaşlı oyunçu kimi düşüb. Görüşün 80-ci dəqiqəsində “Utrext”in futbolçusu Yoann Katlinin zərbəsindən sonra dirəkdən qayıdan top qapıçıya dəyərək tora daxil olub.
Qeyd edək ki, “Ayaks” 14 turdan sonra turnir cədvəlində 33 xalla ikinci yerdə qərarlaşıb. 32 xala malik “Utrext” isə üçüncüdür.