Qaxda «Kürmükoba» bayramı qeyd olunub

0 8

Qaxda əsrlər boyu müsəlman və xristianların birgə ziyarət etdikləri «Kürmükoba» bayramı qeyd olunub.

«Report»un Şimal-qərb bürosunun məlumatına görə, ildə iki dəfə keçirilən bayramı qeyd etmək üçün yüzlərlə müsəlmanlar və xristianlar Kürmük məbədini ziyarət ediblər.

Bu bayram yerli Qax sakinləri üçün hər zaman “Kürmükoba” bayramı olaraq qalıb və bayram zamanı hər kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini “ocaq” deyərək ziyarət edib. Hazırda da qədim mərasim ayini olan “Kürmükoba” bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan axışır.

Xalq öz tarixi yaddaşına sadiq qalaraq Kürmükoba bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər. Dini mənsubiyyətindən asılı olmayaraq geniş xalq kütlələrinin istər müsəlman, istərsə də xristian əhalinin hamılıqla bu bayramda iştirakı Kürmükoba bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir.

«Kürmükoba» bayramında məbədə axın edən insanlar bu bayramı multikulturalizmin, tolerantlığın nümunəsi hesab edirlər.

«Kürmükoba» bayramı əslində qədim dövrlərdən bəri təbiət ayini olub Kürmük çayı ilə bağlı icra edilib. Bu mərasimin may və noyabr – yəni, çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gur sulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir. Bu dəfə də «Kürmükoba» bayramını qeyd edənlər gün ərzində Kürmük məbədinə qədər olan məsafəni qətt edərək məbədi ziyarət ediblər.





Source link

Leave A Reply

Your email address will not be published.