BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iki Azərbaycan universiteti ilə Anlaşma Memorandumu imzalayacaq.
“Report” xəbər verir ki, bunu FAO-nun ölkə üzrə rəhbərinin müavini Bariz Mehdiyev “Su və gender bərabərliyi” mövzusunda Bakıda keçirilən konfransda deyib.
«Gəncə Aqrar Universiteti ilə əməkdaşlıq edirik. Oktyabrın 24-də həmin universitet ilə Anlaşma Memorandumu imzalanacaq. Bu yaxınlarda həmçinin ADA Universiteti ilə də analoji memorandum imzalanacaq», — B. Mehdiyev bildirib.
O hesab edir ki, kənd təsərrüfatı sahəsində təhsil çox vacibdir: «Bu sektorda xanım kadrların isə azlığı müşahidə olunur. Bunun isə müxtəlif səbəbləri var. Bu, mentalitet, ənənə, fermerlərin yanaşması, eyni zamanda xanımların peşə seçimi ilə bağlıdır. Çünki kənd təsərrüfatında sahədə işlərin görülməsi eləcə də aqrar sahədə məsləhət xidmətlərinin göstərilməsi bir qədər geridə qalmış məsələlərdir. Biz bu istiqamətdə fəaliyyət göstəririk, müxtəlif layihələrimiz var. Kənd Təsərrüfatı Nazirliyi ilə bu sahədə məsləhət xidmətlərinin təkmilləşdirilməsi layihəsi icra olunub və strategiya hazırlanaraq nazirliyə təqdim olunub», — deyə o qeyd edib.