ABŞ yaxın günlərdə Yaxın Şərqdə yerləşdirdiyi hərbi təyyarələrin sayını artıracaq.
“Report”un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.
Qeyd olunub ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bölgədə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan “Abraham Lincoln”, ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum gəmisi “USS Wasp”, həmçinin “F-22”, “F-15E”, “F-16” qırıcıları və “A-10” hücum təyyarələrinin sayının artırılmasına dair göstəriş verib.
Bəyanatda ABŞ-ın yaxın günlərdə müdafiə hava dəstəyi imkanlarını gücləndirəcəyi nəzərdə tutulur. Vurğulanıb ki, İran və ya onun tərəfdaşları bu məqamdan istifadə edərək Amerika hərbçilərinə hücum edərsə və ya ABŞ-ın regiondakı maraqlarına zərər verərsə, Birləşmiş Ştatlar öz vətəndaşlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.