Həmkəndlisini öldürməkdə təqsirli bilinən Rəşid Babayevin növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Sanir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə ifadə vermək üçün söz verilib.
O, özünü qismən təqsirli bildiyini deyib:
«Mən evimdə tək yaşayırdım. Əvvəllər də Romanı tanıyırdım. Çox da yaxın olmayan məsafədə qalırdıq. Həmin günün axşamı bizim həyətə gəldi. Mən qapını açan kimi üzərimə atıldı. Qorxdum, məni öldürmək istədiyini düşündüm. O, içkili idi. Bunu qoxudan hiss edə bildim. Cəld evə keçdim. Özümü xilas etmək üçün nəsə axtarmağa başladım. Niyyətim bıçaqlamaq deyildi. Özümü müdafiə etmək üçün ona bıçağı vurdum. Lakin Roman nə yıxıldı, nə də bıçaqlanmış kimi davrandı. Daha sonra özü çıxdı getdi. Mən də o çıxandan sonra qapını bağladım. Öyrəndim ki, iki gün sonra xəstəxanada ölüb».
Daha sonra şahid qismində Hümbət Baratov ifadə verib.
O, bildirib ki hadisə onun olduğu ərazidə baş verməyib:
«Mən parkda mühafizəçi işləyirəm və hər iki şəxsi də oradan tanıyıram. Rəşidi iki ilə yaxındır velosiped ustası kimi tanıyırdım. Roman da küçədə yatan bir adam olub. Hər zaman parkda içkili vəziyyətdə olardı. Onun ordan çıxaranla istəyəndə adını eşitmişəm”.
Növbəti məhkəmə prosesi oktyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin mayında Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini 1974-cü il təvəllüdlü Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib və orada da həyatını itirib.
Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü həmin qəsəbənin sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.