Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri — Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə baxışında müdafiəçilərin vəsatəti dinlənilib.
Təqsirləndirilən Bahadur Qasımovun vəkili vəsatət qaldıraraq bildirib ki, müvəkkili səhhətindəki problemlərlə bağlı müayinə olunmalıdır:
“Onun ürəyində problem var. Səhhəti ağırdır. Ölümünün qarşısının alınması üçün ürəyinə refüqulyator cihazı yerləşdirilib. Həmçinin Bahadur Qasımovun şəkəri var və piylənmədən əziyyət çəkir. Ona Rusiyada II qrup əlillik təyin olunub. Təyin olunmanın sənədi var. Biz o sənədi notariusda tərcümə edib məhkəməyə təqdim edə bilərik. Onun həyatının təhlükə altında olduğunu nəzərə alaraq doktor Emin Kərimov və Nətavan Qurbanova tərəfindən müayinə olunmasını təmin edəsiniz”.
Dövlət ittihamçısı bu vəsatətin təmin olunmamasını bildirsə də, məhkəmə yerində müşavirə keçirərək sözügedən vəsatəti qismən təmin edib.
Digər təqsirləndirilən İkram Qasımovun vəkili də məhkəmə qarşısında vəsatətlə çıxış edib.
Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsin qızılların rəsmiləşdirilməməsindən xəbəri olmayıb:
“Ümumiyyətlə, İkramdan götürülən qızıllarla Vəlinin Qubadan gətirdiyi qızıllar fərqlidir. O, ümumiyyətlə, qızılların rəsmiləşdirilməməsindən xəbərsizdir. İkram qızılları hava limanında neytral ərazidə digər şəxsə verib. Qızılları Dubaydan rəsmi gətirib. O, oradakı hava limanında qızılları bəyan edib. Biz Dubayda “Şahan Əl- Nami” hüquq şirkəti ilə etibarnamə əsasında o sənədi gətirib məhkəməyə təqdim edə bilərik. Bu prosesə məhkəmə şərait yaratmalıdır. Etibarnamə vermək onun konstitusion hüququdur. Həmçinin biz Dövlət Gömrük Komitəsinə sorğu verə bilərik. İkramdan götürülən qızılların çəkisi ilə həmin gün ölkəyə gətirilən qızılların çəksilə müqasiyə etmək lazımdır. Bu vacibdir. Vəsatəti təmin etməyinizi xahiş edirəm”.
Məhkəmə vəkilin vəsatətini təmin etməyib. Təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmə heyətinin aparılan işə obyektiv yanaşamadığını bildirərək etiraz edəcəklərini deyiblər. Müdafiəçilər bunun üçün məhkəmədən vaxt istəyiblər. Dövlət ittihamçısı bu istəyin onların hüquqi olduğunu bildirərək etiraz etməyib. Məhkəmə etiraz məktubunun yazılması üçün müdafiəçilərə vaxt verib.
Məhkəmənin növbəti prosesi 4 oktyabra təyin olunub.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər — Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi — 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.