“Xarıbülbül” festivalı təkcə mədəni deyil, həm də siyasi cəhətdən yaddaqalan oldu — ŞƏRH

0 56


Qarabağda daha bir möhtəşəm mədəniyyət tədbiri keçirildi. Belə ki, işğaldan azad olunmuş torpaqlar növbəti dəfə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etdi.

Festival həm də Prezident İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı. Dövlət başçısı çıxışı zamanı bundan sonra Azərbaycan torpaqlarında sülh olacağına əminliyini ifadə etdi.

“Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy bundan sonra burada ancaq musiqi sədaları səslənsin”, — deyə dövlət başçısı vurğuladı.

Bu, təkcə Ermənistana deyil, həm də regionda “suları bulandırmaq” istəyənlərə verilmiş ismarış idi.

Məlum olduğu kimi, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatından sonra Azərbaycan Qarabağda ərazi bütövlüyünü tam təmin etdi. Beləliklə, həm də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm nəticə əldə edildi. 44 günlük müharibəyə qədər regionda sülhə mane olan əsas məqam məhz keçmiş Qarabağ münaqişəsi idi. İndi isə belə bir əngəl yoxdur. Hazırda rəsmi Bakının əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir.

Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, ərazi bütövlüyünü əbədiyyətə qədər qorumağa da qadirdir. Bunu nəinki Ermənistan, həm də ona havadarlıq etmək niyyətində olanlar, o cümlədən Qərb dövlətləri bilməlidirlər.

Bu gün bəzi imperialist güclər regionda “daşları yerindən oynatmağa”, Azərbaycanla Ermənistan arasında irəliləməkdə olan sülh gündəliyinə zərbə vurmağa çalışırlar. Bunun üçün İrəvana təzyiqlər göstərilir. Lakin bunlar boş cəhdlərdir.

Prezident, həmçinin qeyd etdi ki, Şuşaya gələn hər bir insan burada Azərbaycan ruhunu əyani şəkildə görür: “Şuşa işğal, əsarət dövründə əyilmədi. Şəhər mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq, zəfər və sülhün rəmzidir”.

Prezident İlham Əliyevin nəzərə çatdırdığı kimi, bu gün Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir.

Şuşanın bir çox tarixi və dini abidələrinin işğal dövründə tamamilə dağıdıldığını vurğulayan dövlət başçısı deyib ki, hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır. Bu, o deməkdir ki, Azərbaycan tarixi torpaqlarında işğal elementlərini tamamilə ləğv edir, tarixi bərpa edir. Deməli, rəsmi Bakı bundan sonra da üçüncü «oyunçuların» regiona müdaxiləsinə imkan verməyəcək. Azərbaycanın hazırkı xarici siyasət kursu, ritorikası da belə deməyə əsas verir.

Başqa bir məqam da ölkə liderinin Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi üçün atdığı addımlar haqqında idi. İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan islam dünyasının birləşməsi, islam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir: “Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq”.

Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Həmin il noyabrın 21-də isə İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı.

Əlbəttə, bu, təkcə Azərbaycan üçün yox, bütünlükdə islam aləmi üçün mühüm hadisədir. Sözsüz ki, bu faktor rəsmi Bakının islam dünyası arasında əlaqələrin güclənməsindən ötrü ciddi töhfədir.

Beləliklə, demək olar ki, “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı təkcə mədəniyyət baxımından deyil, həm də siyasi cəhətdən yaddaqalan oldu.





Source link

Leave A Reply

Your email address will not be published.