Həbsxanadakı «söhbət»ə görə 2 nəfər öldü

0 53


CİNAYƏT İŞİ

Qısa arayış…

11 fevral 2023-cü il Bakının Nizami rayonu Keşlə qəsəbəsində ölümlə nəticələnən kütləvi dava olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hərəkətə keçirlər. Məlum olur ki, hadisə yeri Keşlə qəsəbəsi, fərdi yaşayış evlərinin yanında, avtomobillərin saxlanılması üçün nəzərdə tutulmuş meydançadır. “Ravon” markalı avtomobilin yanında, asfalt üzərində, arxası üstə uzanıqlı vəziyyətdə qana bulaşmış halda kişi meyiti aşkar edilib. Şəxsiyyət vəsiqəsinə əsasən məlum olub ki, ölən şəxs İlkin Rzayevdir. 

 

Həmin gün səhər saat 7-də Kliniki Tibbi Mərkəzdə dava zamanı yaralanan Xəyal Rəhimov dünyasını dəyişib.

 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hər iki meyitdən götürülmüş qanda metamfetamin aşkar edilib. 

 

Şübhəli şəxs qismində Rauf Hüseynov, Ceyhun İsayev, Ramin İsayev, Orxan Fətəliyev tutulublar. Fevralın 13-də Fətəliyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Nizami RPİ 23-cü PB-nin məsul növbətçisinin raportuna əsasən, fevralın 11-i gecə saat 02:02-də vətəndaş İlahə Həsənova İevlərinə basqın olması barədə məlumat verib.

 

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

 

İstintaqla müəyyən edilib ki, Rauf Hüseynov 2018-ci ildə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində birgə cəza çəkdiyi Xəyal Rəhimovu söyüb və aralarında narazılıq yaranıb. Buna aydınlıq gətirmək məqsədilə 2023-cü il fevralın 11-nə keçən gecə Xəyal Rəhimov tanışı Orxan Fətəliyevlə birlikdə Raufun kirayə yaşadığı, Ceyhun İsayevə məxsus Keşlə qəsəbəsi, Kəndçi küçəsi, dalan 1, ev 2-nin qarşısına gəlib, evin pəncərəsini döyməklə onu və ev sahibini səsləyib. Rauf Hüseynov və Ceyhun İsayev küçəyə çıxandan sonra, aralarında dava başlayıb. Rauf Hüseynov üzərində gəzdirdiyi, açılıb-qatlanan bıçaqla Xəyal Rəhimovun sol əlinə xəsarət yetirib. Orxan Fətəliyevlə Ceyhun İsayev bir-birinin üzünə yumruqla zərbələr vurublar. Xəyal Rəhimov həmin ünvana gəldiyi “Ravon” markalı avtomobildən dəmir dəyənəyi götürüb, üzərinə gələndə Ceyhun İsayev aləti əlindən alıb və yaşadığı evin həyətinə tullayıb.

Onların tələbi ilə Xəyal Rəhimovla Orxan Fətəliyev ordan uzaqlaşsalar da, təxminən 1 saatdan sonra ümumi tanışları İlkin Rzayevlə birlikdə yenidən Ceyhun İsayevin evinin qarşısına gəliblər. Xəyal Rəhimov digər dəyənəklə evin pəncərələrini vurub sındıranda, Rauf Hüseynov, Ceyhun və Ramin İsayev qardaşları hər biri  bıçaqlarla çölə çıxıblar. İctimai yerdə, qrup halında baş vermiş dava zamanı Ramin İsayev bıçaqla İlkin Rzayevin qarın nahiyyəsinə xəsarət yetirib. Səs-küyə evdən küçəyə çıxan Raufun Qızqayıt Hüseynova onların arasına keçib, münaqişənin qarşısını almaq istədikdə Xəyal Rəhimov dəyənəklə qadının qoluna və ayağına zərbələr vurub. Rauf Hüseynov İlkin Rzayevin ürək nahiyyəsinə bıçaqla bir dəfə zərbə endirərək, onu qətlə yetirib. Ceyhun İsayev baş nahiyyəsinə güclü zərbə vuraraq, Xəyal Rəhimovu yerə yıxıb. Sonra yerdə, üzü üstə uzanıqlı vəziyyətdə olan Rəhimovun bədəninin müxtəlif nahiyələrinə 8 dəfə zərbə endirib. Həmin gün səhər Xəyal Rəhimov Klinik Tibbi Mərkəzdə aldığı xəsarətlərdən ölüb.

 

Məlumata görə, həbsxanada aralarında yaranan münaqişəyə görə Rauf Hüseynov və Xəyal Rəhimov hər ikisi 10 gün müddətinə cərimə təcridxanasına keçiriliblər. 

İyunun 13-də Emil Hacıyev və Ramin Həsənovun əməlində Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanması və ya törədilməsi barəsində xəbər verməmə) maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinə xitam verilib. Xuliqanlıq faktı üzrə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə Orxan Fətəliyev və qeyrilərinin barəsində cinayət işi ayrılıb.



 

Məhkəmə iclasında Rauf Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib. Xəyal Rəhimovla 2008-2009-cu illlərdə avtomobil təmiri sexlərindən birində təsadüfən tanış olub:

“Onunla birlikdə narkotik vasitələrdən istifadə edirdik. 2018-ci ildə üzərimdə narkotik maddə ilə, Xəyal isə saxta pul hazırlamasına görə tutulmuşuq. 17 saylı CÇM-də birgə cəza çəkmişik. Əvvəl münasibətimiz yaxşı idi, amma günlərin bir günü, orda tanış olduğum Elnur Qədeşovun ailə üzvləri barəsində Xəyal Rəhimov əsassız nalayiq ifadələr işlətdiyinə görə, hamısının qarşısında, davranışına görə irad bildirib, onu söydüm. 2019-cu ildə azadlığa buraxıldım. Xəyal Rəhimovun həbsdən nə vaxt çıxdığını bilmirəm. Anam Qızqayıt Hüseynova ilə birlikdə kirayə ev axtararkən, yeznəm Dilavər Məlikov mənə Keşlə qəsəbəsində, qonşusu Ceyhun İsayevin həyətində kirayə ev verildiyini dedi. Bundan sonra, ev sahibi ilə danışıb, həmin ünvana keçdik. 2023-cü il fevralın 11-də gecə həyətdə olarkən Ceyhun İsayevin arvadı İlahə İsayeva pəncərəsinin qarşısında, küçədə iki nəfərin söyüş söyüb, ərini çağırmalarını dedi.

Pəncərədən baxanda söyüş söyənin Xəyal Rəhimov olduğunu gördüm və evdə qadınlar olduğunu söyləməklə, ondan nalayiq ifadələr işlətməməsini tələb etdim. Buna baxmayaraq Xəyal daha da uca səslə söyüş söydü, səsə Ceyhun yuxudan oyandı və mənimlə birlikdə küçəyə çıxdı. Mübahisə zamanı Xəyalın əlindən beysbol taxtasını alıb, üzərimdəki bıçaqla ona zərbə atdım. Xəyal bıçağı tutanda, əli kəsildi. Məhlədə səs-küyə çıxan qonşular, yeznəm, mənim və Ceyhunun anası hamını sakitləşdirdi. Ceyhunun anası Xəyalın əlini sarıdı. Gedərkən Orxan Fətəliyev söyüş söyəndə, Ceyhun ona yumruq atdı. Mübahisənin bitdiyini düşünsək də, təxminən gecə saat 2-də Xəyal Rəhimov yanında 7-8 nəfərlə birlikdə qayıdıb, evin pəncərələrini sındırdılar. Əllərində beysbol bitaları və polis dəyənəkləri vardı. Evdəki qadınlar kütləni görüb, evdən çıxmağımıza mane oldular. Ceyhunun qardaşı Ramin səs-küyə həyətə çıxıb, evin sahibi olduğunu və nə istədiklərini soruşanda, Xəyal dəmir dəyənəklə başına zərbə endirdi. Ramin yerə yıxıldı, başından qan axırdı. Onu içəri, evə çəkməyə çalışanda kimsə çiynimdən və kürəyimdən taxta ilə zərbə vurdu. Həmin vaxt anam Qızqayıt Hüseynova davanın qarşısını almağa çalışırdı. Xəyalla İlkinin anama bita ilə zərbə vurduqlarını görəndə, qəzəbləndim. Bıçaqla əvvəl İlkinə, ardınca da Xəyala xəsarətlər yetirdim. Heç kimi öldürmək məqsədi yox idi, yalnız özümü və yaxınlarımı müdafiə edirdim”.



 

Ceyhun İsayev ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində, Xəyal Rəhimovu tanıdığını göstərib:

“Hadisədən bir neçə gün əvvəl qəsəbədə, məscidin yanında olanda Xəyal idarə etdiyi maşınla yanıma gəldi. Əyləşib söhbət edəndə Xəyal məndən Raufla görüşünü təşkil etməyimi istədi. Cəzaçəkmə müəssisəsindən ədavətləri olmasını bildiyimdən, ona qan tökülməsini istəmədiyimi dedim. Mübahisə düşəcəyindən Raufa Xəyalın onu axtardığını söyləmədim. Gecə saatlarında yatanda pəncərələrın qırılması səsinə oyandım. Mətbəxdən özümlə bıçaq götürüb çölə çıxdım. Xəyal yanında 6-7 nəfərlə həyətimin darvazasından içəri daxil olanda onlara mane olmağa çalışdım. Raufun anası və qardaşım Raminə dəyənəklə zərbələr vuruldu. Bıçaq əlimdən yerə düşdüyündən, ancaq dəmir dəyənəkdən istifadə etdim”.

Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq ibtiadi istintaqda Ceyhun İsayev bildirib ki, Ramin yerdən qalxaraq, gödəkçəsinin cibindən bıçaq çıxarıb və İlkin Rzayevə zərbə vurub. Anasına kömək edən Rauf üzərindəki açılıb-bağlanan bıçaqla İlkinin sinəsinə, sonra isə Xəyala xəsarətlər yetirib.

 

Ramin İsayev ittiham üzrə özünü təqsirli bilməyib. Xəyal Rəhimovdan çıxıb, getmələrini tələb edəndə, həmin şəxs əlindəki dəmir dəyənəklə başına zərbə vuraraq, onu yerə yıxıb:

“Huşumu itirdim. Ayılanda qadınların qışqırdığını, Xəyal və qeyrilərinin yaxınlarımı döydüyünü gördüm. İlkin Rzayevlə qarşı-qarşıya gələndə, əlimdəki mətbəx bıçağını ona tərəf atıb, geri çəkdim. Niyyətim onu qorxutmaq idi. Anasının vurulduğunu görən Rauf qəzəblənərək, cibindən bıçağını çıxartdı.  Rauf İlkinin sinəsinə, altdan yuxarı zərbə vurdu. Bundan sonra Xəyal və digər şəxslər geri çəkilməyə başladılar. Ceyhun və Rauf arxalarınca getdilər. Küçədə Ceyhun Xəyalın başına dəyənəklə zərbə vurdu. Xəyalın yerə yıxıldığını görən Rauf onu bıçaqlaı. Bu zaman anası Qızqayıt Hüseynova oğlunu arxadan dartıb, ondan araladı”.



 

Zərərçəkmiş Orxan Fətəliyev ifadəsində göstərib ki, 2 il əvvəl İlkin Rzayev bacısı Nərmin Fətəliyeva ilə ailə həyatı qurub:

“Fevralın 10-da mən, İlkin və digər dostlarımla həyətdə olan zaman, Xəyal zəng edib, bizi restoranda yeyib-içməyə dəvət etdi. Spirtli içki qəbul etdik. Dava zamanı Xəyal əlindəki dəmir dəyənəklə evdən çıxan Ramin İsayevi və Qızqayıt Hüseynovanı vurdu. Qadınlardan biri 102 xidmətinə zəng etdiyindən qaçmaq istədik. Qaranlıq və içkili olduğumdan hər şey dəqiq yadımda deyil. Yaralanan Xəyalı və İlkini hadisə yerindən mən çıxartdım. Emil yanımda biraz dayansa da, sonradan ordan uzaqlaşdı”.

Beysbol bitası

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban İbrahimova ifadəsində göstərib ki, oğlu İlkin Rzayev 2020-ci ilin noyabr ayında Daxili İşlər Orqanına qəbul olunaraq, Xətai RPİ Post Patrul Xidmətində işləyib:

“Oğlum Nərmin Fətəliyeva ilə ailə həyatı qurduqdan sonra kirayədə yaşayırdılar. Hesab edirəm ki, İlkini fevralın 11-də hadisə yerinə Nərminin qardaşı Orxan Fətəliyev aparıb. Orxanın barəsində narkotiklərlə əlaqədar cinayət işi olduğunu bildiyimdən, oğlumdan uzaq durmasını istəyirdim. Xəyal Rəhimovla da İlkini hadisədən 1-2 gün əvvəl Orxan tanış edib. Fevralın 11-də saat 12-də qızım mənə zəng vurub, qardaşının mobil nömrəsinə zəng çatmadığını dedi. Polis bölməsindən zəng edib, oğlumun öldürülməsi barədə məlumat verilməyib. Özüm saat 15 radələrində axtara-axtara İlkinin meyitinin AzərSuTikinti xəstəxanasının morqunda olmasını bildim”.

O, düşünür ki, Ceyhun İsayevin ədavəti olduğu üçün onun oğlunu qətlə yetirib.

 

Zərərçəkmiş şəxsin hüquqi varisi Gülayə İsayeva ifadəsində göstərib ki, fevralın 10-da maşının qapı və pəncərəsini niyə açıq qoyduğunu soruşanda oğlu Xəyal Rəhimov deyib ki, avtomobildə dostu Emil var:

“Oğlumla telefonla bir dəfə əlaqə saxladım. Saat 22-dən sonra yatdığımdan Xəyal barədə məlumatım olmadı. Oğlumun öldürüldüyünü mediadakı xəbərlərdən öyrəndim. Oğlumun yas mərasimindən sonra Emil Xəyalın telefonunu gətirib mənə verdi. İlkinin anası Mehriban xanımı axtarıb, tapdım və onunla təqsirləndirilən şəxslərin evinə getdim. Rauf Hüseynovun anası Qızqayıtla danışdıq. Xəyalın mobil telefonundakı audio-video fayllarına baxdım. Xəyal Orxana videogörüntülü zəng edərək harda olduğunu soruşub və onu yeyib-içməyə çağırıb. Xəyal hadisədən bir həftə əvvəl Ceyhuna deyib ki, evində kirayədə qalan Rauf narkomandır. Hətta Orxan Fətəliyev Ceyhun İsayevgilin məhəlləsinə narkotik vasitə almağa gedib”.



 

Şahid Nərmin Fətəliyeva ifadəsində göstərib ki, mərhum əri İlkin Rzayevin anası Mehriban İbrahimova onu gəlin kimi qəbul etmək istəməyib:

“Fevralın 11-i gecə saat 1 radələrində yoldaşımın “Whatsapp” tətbiqinə səsli mesaj göndərən Xəyal Rəhimov ona deyib ki, yaxınlığındakı marketin yanına gəlsin. Xəyal İlkinə onu kimlərləsə dalaşmağa apardığını bildirməyib”.

 

Şahid Tərlan Abdulov ifadəsində göstərib ki, Xəyal Rəhimovu maşın alveri edən vaxtlardan tanıyır:

“Fevralın əvvəllərində Keşlə qəsəbəsində, futbol meydançasının qarşımdan keçəndə “Ravon” markalı ağ rəngli avtomobildə, Xəyalı və Orxanı gördüm. Gedib bir obyektdə oturub çay içdik. Söhbət zamanı Xəyal mənə həbsxanada aralarında yaranan mübahisəyə görə, Rauf Hüseynovla görüşmək istədiyini bildirdi. Xəyalı fikrindən daşındırmağa çalışdım. Onunla sağollaşarkən belə bir hadisə baş verəcəyini düşünmədim. Hadisənin necə baş verməsi barədə məlumatım yoxdur”.



 

Şahid Ramin Həsənov bildirib ki, Rauf Hüseynovu “Elşən” adı ilə tanıyıb:

“Fevralın 11-nə keçən gecə “Koroğlu” metrosunun yanında, avtomobilə oturanda heç kimin əlində bita və ya başqa alət görməmişdim. Sərxoş olan Xəyalı fikrindən yayındırıb, Emillə birlikdə evinə aparmağa çalışdıq. Maşına əyləşəndən sonra Orxanla İlkini gördüm. Maşının ön oturacağında əyləşən Orxan Xəyalı qızışdırıb deyirdi ki, onun qanı bata bilməz, bu gecə söhbət həll olunmalıdır”.

 

Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Mehriban İbrahimova və Gülayə İsayeva təqsirləndirilən şəxslərin hər birinə ömürlük cəza verilməsini xahiş ediblər.

 

Zərərçəkmiş Orxan Fətəliyev bildirib ki, Hüseynovdan və İsayev qardaşlarından şikayətçi deyil.

 

Məhkəmə hesab edib ki, Rauf Hüseynovun və Ceyhun İsayevin əməlləri Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri, Ramin İsayevin əməli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə) maddəsi ilə düzgün tövsif olunub. Onlar həmin maddələrin sanksiyası həddində, təqsirli bilinməli və cəzalandırılmalıdırlar.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il və Ramin İsayev 5 il müddətinə azadlıqdan məhrum olunublar.



Source link

Leave A Reply

Your email address will not be published.