BP Azərbaycanda potensial su layihələri üzrə əməkdaşlıq edəcək

0 9


Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə BP arasında icmalarda su təchizatı ilə əlaqədar vəziyyəti yaxşılaşdırmağa kömək edəcək potensial su layihələrinin müəyyən edilməsi, seçilməsi və həyata keçirilməsi istiqamətində birgə işləmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə “Report”a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilib ki, əməkdaşlığın ilkin olaraq üç potensial layihəni əhatə edəcəyi gözlənilir.

Birinci layihədə məqsəd Göyçay rayonunda yeni su təchizatı sisteminin yaradılmasıdır. Bu sistem sel sularının toplanması, çökdürülməsi və təmizlənməsini təmin edəcək. Təmizlənmiş sudan torpaqların suvarılması üçün istifadə ediləcək. Sistemin ildə 500 min kubmetrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur, bu isə 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.

İkinci layihə Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin — kəhrizin, bərpa edilməsi məqsədini daşıyır. Bərpa edildikdən sonra bu iki kəhriz hər il 2,5 milyon kubmetrə qədər şirin su təchiz edə biləcək. Bu isə 15 000 nəfərə yaxın icma üzvünün məişət istehlakı və torpaqların suvarılması ilə əlaqədar ehtiyaclarını təmin etmək deməkdir.

Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında içməli su, suvarma və sanitariya təyinatlı 25 su sisteminin yaradılmasına yönəlib. Layihə ümumi əhalisi təqribən 25 min nəfər olan 20-yə yaxın kənd yaşayış məntəqəsini əhatə edəcək.

İmzalanma tədbirində ADSEA sədrinin müşaviri Əsəd Şirinov deyib ki, «yaşıl siyasətin əsas hədəflərindən biri də dayanıqlı su ehtiyatlarının formalaşdırılması və sudan səmərəli istifadənin təmin edilməsidir: “Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilməkdədir. Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilir. Ölkəmizdə ekosistemin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın yaşıl gələcəyə doğru addımlar atmasının göstəricisidir.»

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Şirin su çatışmazlığı problemi ilə üzləşən kənd icmalarına kömək etmək istiqamətində Dövlət Su Ehtiyatları Agentliyi ilə səylərimizi bir araya gətirməkdən məmnunuq. Diqqəmitizi xüsusilə kifayət qədər şirin suyun olmadığı və ya təhlükəsiz su təchizatı mənbələrinin əlçatan olmadığı ərazilərə yönəldəcəyik. Ümid edirik ki, əməkdaşlığımız və birgə layihələrimiz minlərlə insanın məişət, sağlamlıq və sanitariya, eləcə də kənd təsərrüfatı istehlakı üçün suya olan tələbatını təmin etməyə kömək edəcək”.

İki il müddətinə nəzərdə tutulmuş bu üç layihənin ümumi dəyəri 2,6 milyon ABŞ dollarından artıqdır.





Source link

Leave A Reply

Your email address will not be published.