Azərbaycanda Çinin regional ticarət mərkəzinin yaradılması təklif olunur

0 10


“Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” adlı konfransda “Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış” mövzulu panel iclası keçirilib.

“Report”un məlumatına görə, Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov bildirib ki, Çin Azərbaycanın müstəqilliyi ilə bağlı həmişə vahid mövqe nümayiş etdirib və ölkənin müstəqilliyini bütün platformalarda dəstəkləyib.

Deputat həmçinin iki ölkə arasında mədəniyyət sahəsində inkişafı da yüksək qiymətləndirib.

Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Sosial Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu isə Azərbaycanın yeni nəqliyyat marşrutlarının inşasında maraqlı olmasından söz açıb:

“Azərbaycan yeni nəqliyyat istiqamətlərinin qurulmasını təklif etdirməkdə və iradə göstərməkdədir. Məsələn, Zəngəzur dəhlizinin açılması nəqliyyat-logistika imkanlarının inkişafına ciddi təkan verər. Çin və Azərbaycan əlaqələrinin perspektivinə baxdıqda bərpaolunan enerji mənbələrinin yaradılması yeni bir sahə ola bilər. Yaxşı olar ki, Azərbaycanda Çinin regional ticarət mərkəzi yaradılsın, bu da əməkdaşlığın inkişafına daha çox təkan verər”.

Çinin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin direktoru Li Cıquo deyib ki, Cənubi Qafqaz ölkələrinin Çinlə özünəməxsus münasibəti var:

«Amma bu ölkələrin bir-biri ilə sıx münasibətlərinin olması da vacibdir. Nəhayət, Qarabağ məsələsinin tamamilə həll olunduğunu gördük. Bundan sonra Azərbaycan, Gürcüstan və Ermənistan bir masa arxasında Cənubi Qafqaz regionunu inkişaf etdirmək istiqamətində danışıqlar apara bilər. Bütövlükdə regional inkişaf üçün “3+3” formatını yüksək qiymətləndirirəm. Gürcüstanın bu platformada iştirak etmək istəməməsinə baxmayaraq, onun ciddi və əhəmiyyətli format olduğunu vurğulamalıyam. Gürcüstanın bu formatdan kənarda qalmaq istəyi, əslində, doğru seçim deyil”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev Azərbaycanın daxili və xarici siyasətdəki prioritetlərinə toxunub:

“Azərbaycan proaktiv diplomatiya həyata keçirir. Ərazilərimiz işğaldan azad olunandan sonra Azərbaycan üçün həmin ərazilərin bərpası daxili siyasətdə prioritet məsələyə çevrilib. Azərbaycanın xarici siyasətdə prioriteti isə Türk Dövlətləri Təşkilatıdır (TDT). TDT regional problemləri həll etmək baxımından mühüm rol oynaya bilər. TDT ölkələrinin bəzilərinin okeana çıxışı yoxdur, ona görə də Azərbaycanla əməkdaşlıq açıq dənizlərə çıxış imkanı verir. TDT digər regional ölkələrlə əməkdaşlıqda maraqlıdır. 2024-cü ildə bu təşkilat digər təşkilatlarla da əməkdaşlığa açıq olduğunu bəyan edib”.





Source link

Leave A Reply

Your email address will not be published.