Türk dünyasının “son kabadayısı” Alaattin Çakıcı barədə MARAQLI FAKTLAR

0 7


Türk dünyasının “son kabadayısı”, ən önəmli yeraltı aləminin liderlərindən biri Alaattin Çakıcı demək olar ki, gündəmdən düşmür. Buna bir az da onun obrazını canlandıran məşhur seriallar səbəb olur. “Kurtlar vadisi”, “Eşkiya dünyaya hökmdar olmaz” kimi reytinqli serallardan sonra indi də “Ben bu cihana sığmazam” tv layihəsində onun izləri görünür. Belə ki, Alaattin Çakıcının dəyişməz bir imzası var. O, öldürəcəyi düşmənlərini əvvəlcədən xəbərdar edir, hətta bununla bağlı açıq bəyanat verir. Hazırda “Ben bu cihana sığmazam” serialında əsas personaj – Rəis Cəzayir Türk öldürəcəyi mafiya liderlərinə əvvəlcədən xəbərdarlıq göndərir, hətta bununla bağlı elanlar da verdirir.

Çakıcının ölüm elanlarından biri

İnsanın həyatı o qədər maraqlı olub ki, hətta indən sonra da neçə-neçə tv layihələrində ona müraciət ediləcəyi ehtimalı maksimaldır.

Alaattin Çakıcı

Lent.az-ın əməkdaşı hazırladığı bu materialda əksəriyyət tərəfindən sevilərək izlənilən bu seriallardakı baş qəhrəmanın — Alaattin Çakıcının həyatından bəhs edəcək.

Alaattin Çakıcı kimdir?

Alaattin Çakıcı 20 yanvar 1953-cü ildə Trabzonun Fındıklı kəndində anadan olub. Anasının adı Şakire, atasının adı Əlidir. Fahrettin və Gençağa adlı iki qardaşı olan Alaattin Çakıcının Qamze və Leyla adlı iki bacısı var.

Atası Əli Çakıcı qan davası səbəbilə İstanbula köçür. Ailə İstanbula köçərək Kağıthane mahalının Gültəpə səmtində məskunlaşır. Ata Ali Çakıcı burada qəhvəxana işlətməyə başlayıb.

Alaattin Çakıcı

Həbsxanada keçən gənclik

Türkiyənin tarixində ən gərgin vaxtlarda 80-ci illərdə o, atası Ali Çakıcı və qardaşı Gençağa Çakıcı ilə birlikdə MHP Ülkü Ocakları sırasına daxil olub. Alaattin Çakıcı 1979-cu ildə düşmənləri tərəfindən vurulur, lakin o, hadisədən yaralanaraq sağ çıxır. Baba Əli Çakıcı isə 5 may 1980-ci ildə hücum nəticəsində dünyasını dəyişib. İllər sonra Alaattin oğluna atasının adını verəcəkdi. Lakin elə həmin ərəfədə 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib.

Cəsarəti və millətçiliyi ilə artıq ətrafa səs salan, şöhrət qazanan Alaattin Çakıcı ASALA erməni terror təşkilatı ilə mübarizə təklifini qəbul edib. Terrorla mübarizə xarici və daxili əməliyyat bölməsi çərçivəsində xüsusi hərbi təlim keçən Çakıcı sonra komandiri təyin edilib. O, 1990-cı ilin oktyabrında aldığı zədə səbəbindən bir müddət kənarda qaldı. 1995-ci ilin fevralında Çakıcı qəzetlərə və televiziya kanallarına faks göndərərək Dev-Sol lideri Dursun Karataşı öldürəcəyini bildirdi.

Alaattin Çakıcı komandan olan illərdə

Xəyanəti bağışlamayan ər

Alaattin Çakıcı 1972-ci ildə Gönül Kurtuluşla ailə qurub. Bu evlilikdən onların Əli, Aytül və Betül adlı uşaqları olub. Alaattin Çakıcı həyat yoldaşından bir müddət sonra boşandı və 20 may 1991-ci ildə Trabzonda önəmli yeraltı liderlərindən biri olan Dündar Kılıçın qızı Uğur Kılıçla evləndi. Lakin bu evlilik uzun çəkmir, onlar 4 noyabr 1994-cü ildə boşanırlar. Söyləntilərə görə, boşanmaya Uğur Kılıçın xəyanəti səbəb olur.

Alaattin Çakıcı və Uğur Kılıç

Qısa bir müddət sonra Uğur Kılıç qətlə yetirilir. 20 yanvar 1995-ci ildə isə Alaattin Çakıcı keçmiş həyat yoldaşı Uğur Kılıçın ölümündə təhrikçi olduğu əsas gətirilərək 19 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Xaricdə olduğu müddətdə; ABŞ, Belçika, İtaliya, Cənubi Afrika, Braziliya, Sinqapur, Yaponiya və Fransada dövriyyədə olduğu müəyyən edilib. Çakıcı 1998-ci il avqustun 17-də Türkiyə və Avstriya polisi ilə birlikdə Fransanın Nitsa şəhərində keçirilən əməliyyat nəticəsində yaxalanıb. Bir müddət sonra o, Türkiyəyə qaytarılıb. 1999-cu il dekabrın 14-də Kartal həbsxanasına salınıb. 29 noyabr 2002-ci ildə azadlığa çıxdı.

Uğur Kılıç

“Karagümrük basqını” istintaqına görə Çakıcı 7 aprel 2004-cü ildə 3 il 4 ay həbs cəzasına məhkum edilir. O, 2004-cü il iyulun 14-də ona qarşı həbs qərarı çıxarıldıqdan sonra Avstriyanın Qrats şəhərində tutulub. 2004-cü il oktyabrın 5-də Vyana Dövlət Məhkəməsi Çakıcının Türkiyəyə ekstradisiyasına qərar verib. 14 oktyabr 2004-cü ildə Tekirdağ  Həbsxanasına göndərilən Alaattin Çakıcı 2016-cı il iyulun 15-də Bolu Həbsxanasına köçürülüb. 2017-ci ilin mart ayında onun Kırıkkalenin Keskin rayonundakı Həbsxanaya köçürülməsinə qərar verilib. 2017-ci il martın 30-da Bolu Həbsxanasında saxlanarkən müxtəlif səbəblərdən daha 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Alaattin Çakıcı yenidən birinci həyat yoldaşı Gönül Kurtuluşla evlənib.

“Ülkücüdən mafiya, mafiyadan ülkücü olmaz, ola bilməz”

Alaattin Çakıcının MHP lideri Dövlət Baxçalı ilə yaxınlığı həmişə diqqətdə olub. Bir foto isə bütün nəzərləri öz üzərinə çəkə bilmişdi.

MHP sədri Dövlət Baxçalı və Alaattin Çakıcı

2022-ci il avqust ayında MHP sədri Dövlət Baxçalı partiyanın Ümumi Qərargahında Alaattin Çakıcını qəbul edir. 1 saat davam edən görüşdən sonra Çakıcı sosial media hesabında Baxçalı ilə qol-qola getdiyi kadrı «Hörmətli sədrimizi qərargahımızda ziyarət etdim» sözləri ilə paylaşır. Yəni onlar birlikdə olduqlarını heç vaxt gizlətmirlər.

MHP sədri Dövlət Baxçalı və Alaattin Çakıcı

Çakıcı Türkiyədə tez-tez siyasi məclislərdə də müzakirələrə səbəb olan bir şəxsdir. Bir zaman CHP liderləri əsasən də Kamal Kılıcdaroğlu onu mafiya adlandıraraq emosional çıxışlar edirdi. Dövlət Baxçalı da ona belə bir cavab vermişdi: “Alaattin Çakıcı davada dostum, Alaattin Çakıcı şəhidimizin oğlu, Alaattin Çakıcı vətən, millət aşiqidir. Bilmirəm Kılıçdaroğlu bunu başa düşə biləcəkmi. Ülkücüdən mafiya, mafiyadan ülkücü olmaz, ola bilməz”.

Nə yazıq ki, Alaattin Çakıcı ilə bağlı bütün maraqlı məqamları bir yazıda təqdim etmək mümkün deyil. Növbəti yazılarda mövzunu davam etdirəcəyik.



Source link

Leave A Reply

Your email address will not be published.