Tbilisidə aşıq sənətindən və azərbaycanlıların mədəniyyətindən bəhs edən «Saz» filminin təqdimatı olub

0 9


Gürcüstanda aşıq və saz sənətinin, eləcə də bu ölkədə yaşayan azərbaycanlıların mədəniyyətinin, adət-ənənələrinin inkişafı və daha yaxşı təbliği məqsədilə «Saz» sənədli filmi çəkilib.

«Report» xəbər verir ki, martın 11-də filmin təqdimatı olub. Filmin ərsəyə gəlməsində böyük əməyi olan azərbaycanlı aşıq Nargilə Mehdiyeva deyib ki, film çəkilişlərinə bir il vaxt sərf olunub. Filmin yaradıcı heyəti bu müddət ərzində Gürcüstanın bütün regionlarını qarış-qarış gəzib. Paytax Tbilisi ilə yanaşı, regionlarda yaşayan azərbaycanlıların züm-zümələri, rəqsləri və mədəniyyətimizə aid bütün detallar filmdə öz əksini tapıb.

Filmə baxanlar Gürcüstanda yazıb-yaratmış ustad aşıqlarımız, hazırda bu sənəti yaşadan aşıqlar, eləcə də yerli azərbaycanlıların həyat tərzi, öz adət-ənənələrini qoruyub saxlamaq üçün gördükləri işlər barədə dolğun məlumat əldə edirlər.

N.Mehdiyeva deyib ki, Gürcüstanda yaşayan azərbaycanlıların tarixi, musiqisi, mədəniyyəti, adət-ənənələrinin tanıdılması üçün ilk dəfədir belə bir layihə həyata keçirilib.

Sənədli filmdə, həmçinin ustad aşıqlar Xan Kamandar, Hüseyn Saraclı və digərlərinin həyat və yaradıcılığından bəhs edilir. Hüseyn Saraclının evinin hazırki vəziyyəti, baxımsız qaldığı vurğulanır.

Filmin Azərbaycanda və Türkiyədə də təqdimatının keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə Gürcüstan Folklor Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Layihənin rəhbəri Sandro Natadze, filmin rejissoru isə Levan Padaraiadır.

Leave A Reply

Your email address will not be published.